Abşeronlu gənc şahmatçı Serbiyada şahmat turnirində yüksək nəticə əldə edib
Xırdalan, 31 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeronlu şahmatçı Ümid Aslanov Serbiyanın Paracin və Senta şəhərlərində keçirilən beynəlxalq şahmat turnirlərində yüksək nəticələr əldə edib.
Bu barədə məlumatı AZƏRTAC-a idmançının atası Fuad Aslanov verib. O bildirib ki, Ümid Paracin şəhərində keçirilən yarışda 57 FIDE əmsalı üzrə, Senta şəhərindəki yarışda isə 80 FIDE əmsalı üzrə reytinqini əhəmiyyətli dərəcədə artırıb.
Gənc idmançı bu turnirlərdən əvvəl 2019 reytinqə malik idisə, indi 2155 reytinqə qədər yüksəlib. Sözügedən turnirlərdə Ümid 2 beynəlxalq usta ilə bərabərlik edib, idman ustalarına isə qalib gəlib.
“Artıq kiçik yaş qruplu yarışlara qatılmırıq. Hazırda yalnız reytinq, FIDE əmsalını qaldırmaq üçün beynəlxalq turnirlərə qatılırıq. Məqsədimiz Beynəlxalq usta normasını, gələcəkdə isə qrossmeyster normasını əldə etməkdir”, - deyə Fuad Aslanov bildirib.
Qeyd edək ki, beynəlxalq usta norması 2400 FIDE əmsalı olanlara, qrossmeyster norması isə 2500 FIDE əmsalı olanlara verilir.
Ümidin sözügedən titullara çox yaxınlaşdığını deyən F.Aslanov oğlunun Abşeronun şahmat tarixində bir sıra rekordlar əldə etdiyini söyləyib. O əlavə edib ki, oğlu ölkəmizin 16 yaşa qədər olan yığmasında ilk 5 şahmatçıdan biridir. “Yığmanın tərkibində bu ilin oktyabrında Naxçıvanda keçiriləcək FIDE-nin Olimpiadasına qatılacaq. Bunun üçün isə sentyabr ayında Bolqarıstanda keçiriləcək 2 beynəlxalq turnirə qatılması lazımdır”, - deyə F.Aslanov bildirib.