ADAU-da 20 Yanvar faciəsinə həsr olunan tədbirlər keçirilib
Gəncə, 19 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) fakültələrində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan tədbirlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk tədbir Universitetin Aqrar iqtisadiyyat və Aqrobiznes fakültələrində professor-müəllim və tələbə heyətinin iştirakı ilə təşkil olunub. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib.
İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov çıxış edərək, Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıb. Bildirib ki, 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar qətliama məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib.
Kafedranın müəllimləri Səbinə Əlizadə, Çinarə Səfərova və tələbələrdən Murad Alışov, Nurlana Rüstəmova 20 Yanvar faciəsi barədə çıxışlar ediblər.
Mühəndislik fakültəsində keçirilən tədbirdə çıxış edən fakültənin dekanı Təvəkgül İsmayılov isə 20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyinə gedən yolda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulacağını bildirib.
Fakültənin professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Multikulturalizm və ictimai elmlər kafedrasının dosenti Elgün Aslanov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri tərəfindən Bakıda dinc əhaliyə qarşı vəhşiliklər törədildiyini, günahsız insanların qətlə yetirildiyini xatırladıb. Bildirib ki, xalqımız bu faciəni heç zaman unutmayacaq.