ADAU-da tabeli qurumların əməkdaşları üçün keçirilən təlimlər başa çatıb
Gəncə, 2 mart, Rauf Hacıyev, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarından seçilmiş təlimçilərin bilik və bacarıqlarını artırmaq məqsədilə fevralın 27-dən martın 1-dək Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən təlimlərə 74 iştirakçı qatılıb.
Universitetin Mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ali təhsil ocağında ADAU-nun müvafiq sahə üzrə təcrübəli əməkdaşları tərəfindən təlimlərin aparılmasının ümumi metodoloji əsasları, bitkiçilik, heyvandarlıq və aqromühəndislik istiqamətləri üzrə təlimlərin təşkili, qiymətləndirmə üsulları və digər aktual mövzular tədris olunub.
Təlimlərdə Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarından Lənkəran, Salyan, Tərtər, Şəki, Beyləqan, Quba, Kürdəmir Regional Aqrar Elm və İnformasiya Məsləhət mərkəzlərinin, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Dövlət Baytarlıq Xidməti, Dövlət Fitosanitar Xidməti, Baş Dövlət Texniki Nəzarət Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.
Təlimlərin yekununa və sertifikatların təqdim edilməsinə həsr olunan görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və Təlim Şöbəsinin müdiri İmran Cümşüdov, Bitkiçiliyin Təşkili və Monitorinqi Şöbəsinin müdiri Rafail Quliyev iştirakçılara sertifikatları təqdim ediblər.