ADAU Silahlı Qüvvələrə Yardım Fonduna 40 min manat vəsait köçürüb
Gəncə, 2 oktyabr, AZƏRTAC
Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları bütün ölkədə böyük ruh yüksəkliyi ilə qarşılanmaqdadır. Azərbaycan Ordusunun bir-birindən uğurlu hərbi əməliyyatlarını böyük sevinc və coşqu ilə qarşılayan vətəndaşlar, dövlət və özəl qurumlar Silahlı Qüvvələrimizə maddi və mənəvi baxımdan dəstək olmağa çalışırlar.
Azərbaycan Ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə həyata keçirilsə də, əksər vətəndaşlar, o cümlədən müəssisə və təşkilatlar indiki məqamda orduya dəstəyi mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəməməyə çalışırlar. Artıq bir neçə şirkət və müəssisə Silahlı Qüvvələrə Yardım Fonduna müxtəlif məbləğdə vəsait köçürüb ki, bu tendensiyanın yaxın günlərdə daha da genişlənəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim-professor heyəti də ordumuza dəstək məqsədi ilə Silahlı Qüvvələrə Yardım Fonduna 40 min manat məbləğində vəsait köçürüb.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ödənişi könüllü şəkildə həyata keçirilir və istənilən vətəndaş bu prosesdə iştirak edərək orduya dəstək verə bilər.