ELM VƏ TƏHSİL
ADPU-da “STEAMLAND”ın açılışı olub
Bakı, 12 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2021-ci ildən fəaliyyət göstərən STEAM Mərkəzinin nəzdində “STEAMLAND”ın açılışı olub.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Tədbirdə çıxış edən universitetin rektoru professor Cəfər Cəfərov mərkəzin nəzdində bu yeni innovasiya məkanının açılışını ali təhsil ocağında təhsilin məzmun və keyfiyyətcə yaxşılaşdırılması yolunda əlamətdar hadisə kimi qiymətləndirib. Qeyd olunub ki, Pedaqoji Universitet olaraq müəllim hazırlığı sahəsində beynəlxalq trendlər daim izlənilir və innovativ yanaşmaların tətbiqi, tədrisin keyfiyyət təminatının daha da gücləndirilməsi istiqamətində ardıcıl iş aparılır.
STEAM Mərkəzinin müdiri Arzu Daşdəmirov vurğulayıb ki, 3 il ərzində uğurlu işlərə imza atan mərkəz öz fəaliyyət dairəsini daha da genişləndirərək artıq kafedra statusunda, yenilənmiş formada işini davam etdirir.
Qeyd edilib ki, ADPU-da 8 ixtisasda STEAM-1 və STEAM-2 fənləri tədris olunur. STEAM Mərkəzində praktik bacarıqlar qazanan tələbələrdən ibarət komandalar 2024-cü ildə keçirilən “Robotex” müsabiqəsində I və II yeri tutublar.