ADSEA sədri: Suya əlçatanlıq təkcə texniki və ya ekoloji problem deyil, ictimai məsələdir
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan son illərdə vətəndaşlar üçün su ehtiyatlarına əlçatanlığın yaxşılaşdırılması sahəsində mühüm irəliləyişlər əldə edib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov ADA universitetində “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
ADSEA sədri bildirib ki, ötən illər ərzində hökumətin təşəbbüsləri ilə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində şəhər və kənd yerlərində təmiz su, kanalizasiya xidmətlərinə əlçatanlıq imkanları genişləndirilib.
“İnkişafa can atarkən qadınların və qızların su idarəçiliyində, xüsusən də kənd təsərrüfatı və yerli icmalarda qarşılaşdıqları çətinlikləri də nəzərdən qaçırmamalıyıq. Çünki suya əlçatanlıq təkcə texniki və ya ekoloji problem deyil, ictimai məsələdir. Azərbaycanda su layihələrinə kadr hazırlığı və gender perspektivlərini daxil etmək üçün fəal işlər görülür. Beynəlxalq tərəfdaşların və təşkilatların dəstəyi ilə biz layihələrimizə bu sahədə kadr potensialını gücləndirmək və sahəvi biliklərin öyrədilməsi proqramlarını daxil etmişik. Bu təşəbbüslər artıq müsbət nəticələr verib, lakin biz hələ uzun bir yolun başlanğıcındayıq. Məqsədimiz cinsindən asılı olmayaraq bütün vətəndaşlara su ehtiyatlarımızdan bərabər şəkildə faydalanmasını və onların idarə olunmasına töhfə vermək imkanını təmin etməkdir”, - deyə Z.Mikayılov vurğulayıb.
ADSEA sözlərinə görə, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə 5-ci “Gender bərabərliyinə nail olmaq” və 6-cı “Hamı üçün su və kanalizasiya xidmətlərinin mövcudluğunu təmin etmək” hədəflərinə sadiqdir: “Bu cəbhələrdəki işimiz bir-biri ilə sıx bağlıdır. Ayrı-ayrı məqsədlər kimi deyil, davamlı inkişafın bir-biri ilə əlaqəli sütunları kimi su təhlükəsizliyi və gender bərabərliyini təşviq etmək üçün birlikdə çalışmalıyıq. Dövlət qurumları, vətəndaş cəmiyyətləri və beynəlxalq təşkilatlar, hər birimiz bu məsələnin bərabərhüquqlu iştirakçısıyıq”.