AFFA KLUBLARI 85 MİLYON MANAT MƏBLƏĞİNDƏ CƏRİMƏLƏMİŞDİR
Komitənin qərarına əsasən, “Turan”-“Neftçi” görüşündə Yunuvan Soares (“Turan”) və Valeri Abramidze (“Neftçi”) bir-birinə qarşı kobud rəftar etdiyinə görə növbəti iki oyundan kənarlaşdırılmış, təmsil olunduqları klubların hər biri isə 10 milyon manat məbləğində cərimə edilmişdir. “Göyəzən”-“Şahdağ-Samur” qarşılaşmasında Vüqar İsmayılov (“Şahdağ-Samur”) rəqibə qarşı kobud hərəkətə yol verdiyinə və təhqiredici ifadələr işlətdiyinə görə növbəti dörd oyundan kənarlaşdırılmış, klub isə 20 milyon manat məbləğində cərimələnmişdir.
“MKT-Araz”–“Bakı” oyununda yerli klubun dörd oyunçusu sarı vərəqə aldığı üçün komanda 5 milyon manat məbləğində cərimə olunmuşdur. Final fitindən sonra “Bakı”nın qapıçısı Rauf Mehdiyev rəqib komandanın oyunçusuna xəsarət yetirdiyinə görə dörd oyundan kənarlaşdırılmaqla yanaşı, klub da 20 milyon manat məbləğində cərimələnmişdir.
“MKT-Araz”ın oyunçusu Xalid Muradov və “Bakı”nın ehtiyat qapıçısı Orxan Mirzəyev rəqibə qarşı kobud hərəkətə görə növbəti iki oyundan kənarlaşdırılmış, komandaların hər biri isə 10 milyon manat məbləğində cərimələnmişlər.