İDMAN
AFFA “Qarabağ”ın futbolçusunu cəzalandırıb
Bakı, 13 fevral , AZƏRTAC
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Sabah”la matçda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda biri şərti olmaqla 2 oyun cəzalanıb, klubunu isə 1500 manat ziyana salıb. Sınaq müddəti 3 ay təyin edilib.
“Qəbələ” ilə qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” 700 manat cərimələnib.
“Neftçi” - “Sumqayıt” matçında meydan sahiblərinin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə gördüyü üçün klubların hərəsi 700 manat cərimə ödəyəcək.
Bundan başqa, görüş bitdikdən sonra “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə paytaxt təmsilçisi əlavə 1500 manat xərcə düşüb.