Afiq Həsənov: Radioelektron mübarizə vasitələri prioritet elmi istiqamət kimi qəbul edilməlidir

Bakı, 10 yanvar, AZƏRTAC
Müasir dövrdə qlobal hərbi konfliktlərin həllində güc tətbiqi getdikcə daha geniş vüsət alır və bu proseslərdə radioelektron mübarizə (REM) vasitələri həlledici faktora çevrilir.
AZƏRTAC xəbər verir ki, bu fikri Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru AMEA-nın müxbir üzvü Afiq Həsənov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2022-ci il üzrə illik hesabatların müzakirəsinə həsr olunmuş iclasında deyib.
Radioelektron mübarizə vasitələrinin strateji əhəmiyyətindən və “Akusto-optik spektral-zaman analizatoru” mövzusunda aparılmış tədqiqatların nəticələrindən danışan alim qeyd edib ki, radiodalğa böyük məlumat massivlərinin uzaq məsafəyə sürətlə çatdırılmasını təmin edən yeganə vasitədir. Belə ki, operativ məlumatların ötürülməsi əsasən radiodalğa vasitəsilə təmin olunur. Uzaq təsirli hücum vasitələrinin hərəkət xarakteristikaları və parametrləri radiomayakların və digər naviqasiya sistemlərinin tətbiqi ilə müəyyənləşdirilir. Naviqasiya sistemlərinin işinə gizli və ya aşkarlanması çətin olan müdaxilə və onun qarşısının alınması REM vasitələrinin həll etdiyi əsas məsələlərdəndir.
A.Həsənov bildirib ki, REM vasitələrinin konfliktlərin həllində potensial imkanları, ölkənin müdafiəsinin təşkilində rolu onların yaradılması və tətbiqinin aktuallığını daha da artırır. Eyni zamanda, REM vasitələri ixtisası üzrə peşəkar kadrların hazırlanması müasir dövrün tələbidir.
REM vasitələrinin prioritet elmi istiqamət kimi qəbul edilməsinin vacibliyini vurğulayan alim onu da qeyd edib ki, bu kimi vasitələrin yaradılması və tətbiqi milli intellektual resurslara istiqamətlənməlidir.
“Radioelektron mübarizə vasitələri müharibələrin taleyini həll edən əsas faktorlardan biridir”, - deyə bu məsələyə alim və mütəxəssislərin diqqətini cəlb edən A.Həsənov bildirib ki, bu baxımdan şüalanma mənbəyinin aşkarlanması və onun koordinatlarının təyin edilməsi mühüm məsələdir.
Sonra alim Milli Aviasiya Akademiyasında “Akusto-optik spektral-zaman analizatoru” mövzusunda aparılan tədqiqatların nəticələrini təqdim edib. “Şüalanma mənbəyinin aşkarlanması üçün sürətlə işləyən texniki vasitələrə ehtiyac var. Problemi paralel analiz üsulu ilə həll etmək mümkündür. Eyni zamanda, paralel analizin nəticələrinin cəld işlənilməsini təmin etmək olduqca mürəkkəb məsələdir. Belə ki, bir zaman kəsiyində bütün çıxışlara nəzarət etmək mümkün olmur. Biz bu istiqamətdə tədqiqatlar apararaq mühüm nəticələr əldə etmişik, yeni təkliflər hazırlamışıq”, - deyə A.Həsənov əlavə edib.
AMEA-nın müxbir üzvü, həmçinin radioelektron mübarizə vasitələri ilə bağlı aparılan tədqiqatların nəticələrinin nüfuzlu beynəlxalq jurnallarda dərc olunduğunu diqqətə çatdırıb.