Afrika ölkələrində dövlət qulluğunda çalışan şəxslər Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar
Bakı, 31 mart, AZƏRTAC
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Efiopiyanın Dövlət İdarəçiliyi Universitetində məruzə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Efiopiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mühazirədə Afrikanın müxtəlif ölkələrində dövlət qulluğunda çalışan şəxslər iştirak ediblər.
H.Hacıyev mühazirədə Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət, iqtisadi inkişaf modeli barədə ətraflı məlumat verib, ölkəmizin xarici və daxili siyasətdə əldə etdiyi nailiyyətlərdən danışıb.
Ermənistanın Azərbaycana hərbi təcavüzündən bəhs edən XİN-in mətbuat xidmətinin rəhbəri torpaqlarımızın 20 faizinin işğal edildiyini, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini bildirib.
Hikmət Hacıyev Azərbaycanda dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” modeli haqqında da məlumat verib.
Sonra mühazirə iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Səfər çərçivəsində Hikmət Hacıyev “İRS” jurnalının Amhar dilində ilk nəşrinin təqdimat mərasimində iştirak edib, Efiopiyanın aparıcı KİV-lərinə müsahibə verib.