Ağalı kənd tam orta məktəbində şagirdlərə bayram hədiyyələri təqdim edilib
Bakı, 27 dekabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində sakinlərlə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova torpaqların işğaldan azad edilməsinə görə Müzəffər Ali Baş Komandana və rəşadətli Ordumuza təşəkkür edərək, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. Ağalı kənd tam orta məktəbi haqqında məlumat verən N.Həsənova bildirib ki, məktəbin birinci məqsədi ölkəmizə yararlı olan müasir düşüncəli, yüksək əxlaqa mənsub, savadlı və vətənpərvər şəxsiyyətlər yetişdirməkdir.
Sonra çıxış edən Bahar Muradova Ümummilli Lider Heydər Əliyevin sözlərini xatırladaraq elmi dərəcəsindən, təhsil səviyyəsindən asılı olmayaraq hər kəsin bütün nailiyyətlərinə görə məktəbə, müəllimlərə borclu olduğunu deyib. Ulu Öndər Heydər Əliyevi böyük ehtiramla yad edən sədr qeyd edib ki, onun siyasətini bu günün çağırışları içərisindən çox böyük məharətlə irəliyə aparan dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan bütün dünya miqyasında tanınıb, dünya ictimai-siyasi proseslərinin vacib bir hissəsinə, eləcə də iqtisadi, sosial və hərbi-siyasi baxımdan bölgənin ən güclü dövlətinə çevrilib. O, son 300 ilə yaxın tariximizdə Azərbaycanın heç zaman belə güclü, qüdrətli, qətiyyətli və həmrəy olmadığını bildirib.
Bahar Muradova Qarabağdan başlayan Zəfər yürüşümüzün son hədəflərinə doğru gedəcəyinə, gün gələcək ölkəmizin hər qarış torpağında Azərbaycanın suveren hüquqlarının bərpa olunacağına əminliyini ifadə edib. O əlavə edib ki, bütün çətinliklərə baxmayaraq, burada yaşayan əhali bütün dünyaya Azərbaycanın kim olduğunu göstərməklə yanaşı, bizim özümüzə öz kimliyimizi bir daha xatırlatdı.
Görüşdə çıxış edən Ağalı kəndinin ilk sakinləri uzun illərdən sonra öz yurd-yuvalarına qayıtmağın sevincini bölüşüblər.
Sonra Ağalı kənd tam orta məktəbinə və məktəbəqədər hazırlıq qrupuna baxış keçirilib, uşaqlara bayram hədiyyələri təqdim edilib.
Bahar Muradova, həmçinin Zəngilan rayonunun Ağalı kəndində uşaq bağçasının fəaliyyəti və burada onlar üçün yaradılan şəraitlə tanış olub. Uşaqlarla vaxt keçirən sədr bağçanın işinə uğurlar arzulayıb.
Zəngilan rayonunda yenidən canlanan həyatla tanış olan komitə sədri, eyni zamanda, Ailə Sağlamlıq Mərkəzində sakinlər üçün yaradılan şərait və göstərilən tibbi xidmətlərlə maraqlanıb.
Daha sonra “Gillmed” tekstildə tibbi maskalar və cərrahi geyimlərin istehsalı müəssisəsinin fəaliyyət prosesini izləyib.
Ağalı kəndində bir ailənin qonağı olan Bahar Muradova onlarla çay süfrəsi ətrafında söhbət edib. Ailə Ağalının ilk sakinləri olmaqdan böyük fəxr duyduqlarını bildirib, doğma torpaqlarımızın işğaldan azad edilməsinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhid və qazilərimizə xüsusi minnətdarlıqlarını ifadə ediblər.
Ailə burada dövlət tərəfindən məşğulluq və işlə təmin edilmələrindən razılıqlarını bildiriblər.
Sonda ailənin həyətyanı sahəsində bolluq-bərəkət və sülh rəmzi olan zeytun ağacı əkilib.