AĞDAM RAYON GƏNCLƏRİNİN TOPLANTISI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ağdam rayon gənclərinin V toplantısı keçirilmişdir.
Toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək düzmüşlər.
Toplantıda Ağdam Rayon Gənclər və İdman İdarəsinin rəisi Məhəmməd Aslanov Azərbaycan Gənclərinin IV Forumundan keçən müddət ərzində rayonda görülmüş işlər barədə məruzə etmişdir. Bildirmişdir ki, Prezident İlham Əliyevin gəncləri dövlətin aparıcı qüvvəsinə çevirmək, sosial-iqtisadi problemlərin həllində iştirakını təmin etmək məqsədi ilə təsdiq etdiyi “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” Ağdam rayonunda uğurla həyata keçirilir. Rayon gənclər və idman idarəsi gənclərlə iş və idman sahələrində müxtəlif tədbirlər keçirmişdir. Gənclərə yüksək vətəndaşlıq hisslərinin aşılanması, onların Azərbaycan xalqının tarixinə, mədəni irsinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması, hərbi-vətənpərvərlik işinin gücləndirilməsi, Heydər Əliyev irsinin öyrənilməsi diqqət mərkəzində olmuşdur. Müxtəlif mövzularda konfranslar keçirilmişdir.
Bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi istiqamətində də xeyli iş görülmüş, müxtəlif idman növləri üzrə turnir və yarışlar təşkil edilmişdir. Rayon idmançıları beynəlxalq yarışlarda 5 qızıl, 10 müxtəlif medal, respublika birinciliklərində isə 84 medal qazanmışlar.
M. Aslanov bildirmişdir ki, ağdamlı gənclər ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşmişlər və qarşıdan gələn seçkilərdə onu dəstəkləyəcəklər.
Toplantıda çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov dövlətin gənclər siyasətindən danışmış, qarşıdan gələn seçkilərdə gəncləri daha fəal olmağa çağırmışdır.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev rayonda görülən bütün işlərdə gənclərin fəal iştirak etdiyini, Dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirmişdir.
Toplantıda Azərbaycan Gənclərinin V Forumuna nümayəndələr seçilmiş, Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.