Ağdam rayonunda koronavirus pandemiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib
Ağdam, 2 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonu ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün işlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisində koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmək məqsədilə maarifləndirmə işləri genişləndirilib. Ağdam Rayon İcra Hakimiyyəti, inzibati ərazi nümayəndələri, bələdiyyələr, digər qurumların nümayəndələrindən və polis əməkdaşlarından ibarət 31 mobil qrup yaradılıb.
Mobil qruplar Quzanlı qəsəbəsində, məcburi köçkün qəsəbələrində və kəndlərdə sakinlərlə söhbətlər aparır, əhalini karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirirlər. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilir.
Ağdam rayonu ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri də davam etdirilir.