AĞDAMDA MƏCBURİ KÖÇKÜNLƏRİN BACARIQLARININ İNKİŞAFINA DAİR LAYİHƏ TƏQDİM OLUNMUŞDUR
Bərdə, 13 avqust (AZƏRTAC). BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Bərdə ofisində “Ağdam rayonu ərazisində yeni salınmış qəsəbələrdə məskunlaşmış məcburi köçkün və qaçqınlar üçün bacarıqların artırılması naminə inkişaf layihəsi”nin təqdimatı olmuşdur.
Mərasimdə təşkilatın əməkdaşları, Bərdə və Ağdam rayon icra hakimiyyətlərinin, regionda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının milli proqram rəhbəri Oqtay Gülmalıyev, baş texniki məsləhətçi Valter de Oliveira layihə barədə məlumat vermişlər. Bildirilmişdir ki, Azərbaycan hökuməti, İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən həyata keçirilən layihə 2009-2012-ci illəri əhatə edəcəkdir. Layihədə əsas məqsəd məcburi köçkün və yerli fermerlərin gəlirlərinin artırılması, onların yaşayış səviyyəsinin yaxşılaşdırılmasıdır. Layihə üzrə əsas mənfəətçilər 40-50 aparıcı fermer, 2 və ya 4 biznes inkişafı üzrə xidmət təchizatçısı olacaqdır. Layihəyə əsasən, aparıcı fermerlər vasitəsilə hər birində 15-20 fermer olan fermer sahə məktəbləri və fermer biznes məktəbləri təşkil olunacaqdır. Beləliklə, daha 600-1000 yerli və məcburi köçkün fermer layihədən bəhrələnəcəkdir. Biznes inkişafı üzrə xidmət təchizatçılarının mənfəətçi fermerlərlə yanaşı başqa müştərilərə də dəstək olacağı nəzərə alınsa, layihədən dolayı yolla 1500-2000 məcburi köçkün və yerli fermerin bəhrələnəcəyi gözlənilir.