REGİONLAR
Ağdamın yaşayış məntəqələri artilleriya atəşinə tutulub - Qaradağlı kəndindən REPORTAJ VİDEO
Ağdam, 9 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan silahlı qüvvələri Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Nəticədə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, ticarət obyektlərinə, təsərrüfatlara ziyan dəyir.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Ağdam rayonunun ən çox ziyan dəyən yaşayış məntəqələrindən biri də Qaradağlı kəndidir. Sentyabrın 27-dən indiyədək kənddə ümumilikdə 150-yə yaxın evə ziyan dəyib ki, onların da 22-si dağılıb. İki mülki şəxs həlak olub, iki nəfər yaralanıb. Mərmilərin partlaması nəticəsində kənddə vətəndaşlara məxsus 20 baş iribuynuzlu, 50-yə yaxın xırdabuynuzlu heyvan, 200-dən çox ev quşu tələf olub.
Qaradağlı kəndi ötən gün də düşmənin artilleriya atəşinə məruz qalıb. Müxbirimiz kəndə gedərək erməni vəhşiliyinin izlərini lentə alıb, sakinlərlə həmsöhbət olub. Kənd sakini Cahid Rüstəmov deyib: “Dünən günorta qonşuda oturub televizora baxırdıq. Elə bu vaxt partlayış səsi gəldi. Evimizin arxasına düşən mərmi həm bizim evi, həm də bacımın evini dağıtdı. Evdəki bütün əşyalar yararsız hala düşüb. Yaxşı ki, həmin vaxt evdə olmamışıq. Partlayış o qədər güclü idi ki, zərbədən yaxınlıqda olan dörd evə də ziyan dəyib”.
Digər sakin Hüseyn İmanov kəndin hər gün atəşə tutulmasına, çoxsaylı dağıntılara baxmayaraq sakinlərdə ruh yüksəkliyi olduğunu bildirib: “Kəndimiz hər gün atəşə tutulur. Dağıntılar çoxdur. Dünən də qonşumuzun evinə mərmi düşərək dağıtdı. Evdə yanğın da başlamışdı. Yaxşı ki, tez çatıb söndürdük. Lakin bütün bunlar bizi ruhdan salmır. Xüsusən də dünən Prezident, Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi əhval-ruhiyyəmizi daha da yüksəldib. Var olsun müzəffər ordumuz. Qarabağ Azərbaycandır!”