AGF-nin baş katibi: Gəncə qitə birinciliyinə uğurla ev sahibliyi edir
Gəncə, 11 noyabr, Cavid Əliyev, AZƏRTAC
Bu gün Gəncənin ilk dəfə ev sahibliyi etdiyi gənclər və 15 yaşadək aerobika gimnastikası üzrə Avropa çempionatında final yarışları uğurla keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fatimə Şəfizadə Gəncənin ilk dəfə ev sahibliyi etdiyi gənclər və 15 yaşadək aerobika gimnastikası üzrə Avropa çempionatı barədə danışarkən deyib.
AGF rəsmisi qeyd edib: “Biz uzun müddətdir bu turnirə hazırlaşırdıq. Yarışın tarixi Gəncə şəhərində baş tutması sevindirici haldır. Üç gün ərzində gimnastların maraqlı çıxışlarını izlədik. Burada Avropanın müxtəlif ölkələrindən gimnastları dəstəkləməyə gələn idmançıların valideynlərini və onların yaxınlarını görmək olar. Həqiqətən tribunalarda yaxşı atmosfer var. Noyabrın 14-16-da eyni məkanda böyüklər arasında Avropa çempionatı təşkil olunacaq. Hər kəsi Gəncədə reallaşan aerobika gimnastikası üzrə Avropa çempionatını izləməyə dəvət edirik”.
Baş katibin sözlərinə görə, qonaq nümayəndə heyətlərindən təşkilatçılıqla bağlı müsbət fikirlər alıblar.
Qeyd edək ki, yarışlarda Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev sahibi Azərbaycandan ümumilikdə 380 gimnast çempionluq uğrunda mübarizə aparır.