“Ağıllı kənd” layihəsi işğaldan azad edilmiş ərazilərin fauna müxtəlifliyinin bərpa olunmasına töhfə verəcək
Bakı, 21 may, AZƏRTAC
Azərbaycanın işğaldan azad olunmuş əraziləri iki təbii vilayətdə yerləşib - Kür dağarası çökəklik vilayəti və Kiçik Qafqaz vilayəti. Burada əsasən quru-çöl, arid-meşə, dağ-meşə, dağ-çəmən və qayalıq landşaftlarına rast gəlinir. Landşaft müxtəlifliyi bu ərazinin bitki və heyvanat aləmini zənginləşdirir. Ərazinin həm onurğasızlar, həm də onurğalılar faunası öz zənginliyi ilə seçilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Zoologiya İnstitutunun əməkdaşı Elşad Əsgərov deyib.
O bildirib ki, Azərbaycan Cənubi Qafqazda herpetofaunasının növ müxtəlifliyi baxımından ən zəngin ölkə olmaqla 11 amfibi və 62 reptili növlərinə malikdir. Bu növlərin əksəriyyətinə Qarabağ ərazilərində rast gəlinir: 5 növ amfibi və 35 növ reptili. Amfibilər əsasən sututarları ilə zəngin olan dağətəyi, meşə və dağlıq ərazilərdə yayılıb (4 növ). Sıx enliyarpaq meşələr, rütubətli və kserofit ərazilər, subalp və alp çəmənlikləri iqlim şəraitinə görə reptili növləri üçün xarakterik olmadığına görə bu ərazilərdə növlərin sayı azdır (9 növ). Aran Qarabağ isə landşaft baxımından arid ərazilər (quru yarımsəhra və bozqırlar) olduğu üçün amfibilər növ sayına görə azdır (3 növ), reptililərin növ müxtəlifliyi isə yüksəkdir (26 növ).
Elşad Əsgərov diqqətə çatdırıb ki, Qarabağ ərazisində ornitofauna müxtəlifliyini ifadə edən 3 mühüm ornitoloji ərazi mövcuddur: Laçın yasaqlığı, Dəlidağ və Gamışdağ. Ərazinin məməlilər faunası da zənginliyi ilə seçilir. Burada azı 70 növ qeydə alınıb. Bu növlərin içində respublikanın və beynəlxalq Qırmızı kitablara daxil edilmiş Qafqaz bəbiri, Zolaqlı kaftar, Manul pişiyi və s. növlər var.
Qarabağda XX əsrdə müxtəlif statuslu 6 Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi (XMOTƏ) təşkil edilib. XMOTƏ-lərin və ətraf ərazilərin təbii komponentləri 30 il sürən işğal müddətində ciddi zərər görüb - heyvanlar məhv edilib, yaşayış mühitləri dağıdılıb: “Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin həyatında yeni mərhələ - işğaldan azad edilmiş torpaqlarımızın bərpasına başlanılıb. Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun Ağalı kəndlərinin ərazisində “ağıllı kənd” layihəsinin təməli qoyulub və tikinti işləri davam etdirilir. “Ağıllı kənd” layihəsinin tətbiqində əsas məqsəd də onların həyata keçirildiyi ərazilərdə xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, bütün bunların reallaşdırılmasında informasiya texnologiyalarının tətbiqidir. Eyni zamanda, həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi, şəhər və kənd yerlərində dayanıqlı inkişafın təmin olunmasıdır.
“Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin fauna müxtəlifliyinin bərpa imkanları nəzərdən keçirilir. Bu növlərin bərpası üçün respublikamızda artıq yetərincə təcrübə var. Beynəlxalq və yerli təbiəti mühafizə qurumları tərəfindən ölkəmizdə ceyranların, meşə kəllərinin reintroduksiyası sahəsində artıq uğurlu layihələr icra edilib. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə mövcud Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin bərpası və yenilərinin yaradılması ilə yanaşı, yoxa çıxmış bəzi növlərin reintroduksiyası da aktualdır. İnanıram ki, işğaldan azad olunmuş ərazilərimizdə “ağıllı kənd” layihəsinin tətbiqi bu ərazilərin fauna müxtəlifliyinin bərpa olunması istiqamətində aparılan işlərə də öz müsbət töhfəsini verəcək”, - deyə Elşad Əsgərov qeyd edib.