Ağır atletika üzrə ölkə çempionatının ilk qalibləri məlum olub
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-i və 29-da Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatına start verilib.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildirilib ki, Gənclər və İdman Nazirliyi və federasiyanın birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayacaq.
Əvvəlcə qadınlar arasında üç çəki dərəcəsində qaliblər müəyyən edilib. Samirə Rzayeva toplam 86 kq (38+48) nəticə ilə 45 kiloqram, Ravilya Abbasova toplam 78 kq (32+45) nəticə ilə 49 kiloqram, Selcan Qarayeva isə toplam 138 kq (60+78) nəticə ilə 55 kiloqram çəki dərəcələrində rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.