AĞSTAFA AZƏRBAYCAN PREZİDENTİNİ HƏRARƏTLƏ QARŞILADI
Prezident İlham Əliyevin burada ilk tanışlığı yumşaq mebel istehsal edən “Karvan-el” şirkətinin Azərbaycan-Rumıniya müştərək müəssisəsi ilə oldu. Müəssisənin rəhbərliyi respublikamızın qərb bölgəsi üçün yeni olan bu istehsal sahəsi, onun gələcək planları barədə ətraflı məlumat verdi. Bildirildi ki, burada istehsal olunan məhsullar yüksək keyfiyyəti ilə seçilir və özünə bazar tapmışdır. Özbəkistanda, qonşu Gürcüstanda bu mebellərə tələbat çoxdur. Şirkətin baş planına ofis, mebel mağazası, şirə sexi, tikinti materialları istehsalı sahəsi, mehmanxana, kiçik istehsal sexləri inşa etmək, bir sıra meyvə bağları salmaq daxildir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva müəssisənin məhsullarını və gələcək planlarını müsbət qiymətləndirdilər və bu sahənin çox perspektivli olduğunu söylədilər.
“Karvan-el” şirkətinin fəaliyyəti barədə də ətraflı məlumat verildi. Şirkətin rəhbəri dedi ki, Şəki, Zaqatala, Balakən, Qax rayonlarında 800 hektar sahədə günəbaxan əkdirmişik. Avropa standartlarına uyğun boyalar da istehsal edirik. Yaxın vaxtlarda yeni sertifikat alacağıq. Şirkətdə 175 işçi çalışır. Kollektivimiz xahiş edir ki, Bakıda Babək prospektində yerləşən müəssisəmizə gələsiniz. Biz Sizin regional inkişaf Proqramınızı, siyasətinizi dəstəkləyirik. Biz heç nə istəmirik, sadəcə, Sizin mənəvi köməyiniz lazımdır. Biz iş adamları Sizə arxa olacağıq, çalışacağıq, yaradacağıq və Sizin başınızı uca edəcəyik.
Azərbaycan Prezidenti İlham Əliyev dedi ki, mən mütləq müəssisəyə gələcəyəm. Bilirsiniz ki, sahibkarları dəstəkləyirəm. Bunu bütün çıxışlarımda da qeyd edirəm ki, hamı gərək sizə şərait yaratsın. Dövlət yalnız kredit vasitəsilə kömək edə bilər. Bu iş də gedir. İndi mikrokreditlərin həcmi ildən-ilə artır. Bu il 100 milyard manat nəzərdə tutulmuşdur. İndi 20 faiz artıbdır. Gələn il bu rəqəm artacaqdır. Çünki imkanımız çoxalır, büdcəmiz çoxalır. Dövlət bu yol ilə, bir də dəstək verməklə kömək edə bilər. Qalanını isə gərək siz edəsiniz. Azərbaycanın gələcəyi bundadır - sahibkarlıq, yeni iş yerlərinin yaranması, yerli istehsalın yaranması. Bütün bunlar var, iş də gedir, gələcəkdə daha sürətlə gedəcəkdir. Mən Bakıda gəlib sizinlə görüşəcəyəm.
X X X
Sonra Heydər parkında ağstafalılarla görüş keçirildi. Buraya toplaşmış şəhər sakinləri Prezident İlham Əliyevi böyük səmimiyyətlə, hərarətli alqışlarla qarşıladılar.
Məlumat verildi ki, parkda futbol meydançası, üzgüçülük hovuzu, uşaq şəhərciyi, istirahət üçün hər cür şərait vardır.
Məktəblilər Prezident İlham Əliyevi və onun xanımını gül-çiçəklə qarşıladılar. Dövlətimizin başçısı burada rayon aşıqlarının və musiqiçilərin çıxışlarına qulaq asdı.
Respublikamızın rəhbəri görüşə gələnlər qarşısında çıxış etdi.