Ağstafa rayonunda şəhid ailələri üçün tibbi müayinə aksiyası keçirilib










Bakı, 14 mart, AZƏRTAC
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi Ağstafa rayonunda şəhid ailələri üçün tibbi müayinə aksiyası həyata keçirib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Ağstafa Rayon İcra Hakimiyyətində “İMZA” İB-nin nümayəndələri ilə görüş keçirilib. Görüşdə İctimai Birliyin bu təşəbbüsü yüksək qiymətləndirilib, nəcib, xeyirxah iş adlandırılıb.
Sonra tibbi müayinə və müalicə aksiyasının keçirildiyi Ağstafadakı “Ailə” klinikasında şəhid ailələri üzvləri ilə qısa görüş təşkil olunub.
“İMZA” İctimai Birliyi sədrinin səhiyyə məsələləri üzrə müşaviri, layihənin rəhbəri, Tibb Universitetinin müəllimi, tibb üzrə fəlsəfə doktoru, cərrah-ginekoloq Aynur Pənahova çıxış edərək bildirib ki, şəhidlərimizin əmanəti olan ailə üzvlərinə sahib çıxmaq bizim həm vəzifə, həm də mənəvi vicdan borcumuzdur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cəmiyyətimizin hər bir fərdinin şəhid ailələrinə diqqət və qayğı göstərməsinin zərurətini dəfələrlə qeyd ediblər. İndiyədək də belə layihələr həyata keçirdiklərini ifadə edən A.Pənahova bu dəfə Ağstafada şəhid ailələrinin üzvləri olan pasiyentlərə ən yüksək standartlar səviyyəsində xidmət göstərəcəklərini deyib. O qeyd edib: “Erkən ginekoloji müayinə bir çox xəstəliklərin vaxtında aşkarlanıb daha tez müalicəsinə imkan verir. Ona görə də bugünkü aksiya bu baxımdan faydalı olacaq”.
“İMZA” İB sədrinin təşkilati məsələlər üzrə köməkçisi Gülçin Zeynallı İctimai Birliyin fəaliyyətinin əsas istiqamətlərindən birinin məhz sosial mahiyyətli layihələri həyata keçirmək, onları dəstəkləmək olduğunu deyib və bugünkü aksiyanın bu baxımdan da önəminə diqqət çəkib.
Sonda "İMZA" İB rəhbərliyi adından təşkilati işlərə verdikləri dəstəyə görə Ağstafa Rayon İcra Hakimiyyətinə, o cümlədən də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) minnətdarlıq ifadə olunub.
Ardınca şəhid ailə üzvlərinin müayinə və müalicə prosesi aparılıb.
Pasiyentlər prosesdən və ümumiyyətlə, bu nəcib təşəbbüsdən razılıqlarını ifadə ediblər. Vurğulanıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman onların qayğısına qalıblar. Şəhid ailələri dövlətimizin və cəmiyyətimizin onlara göstərdikləri diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.