Ağsuda karantin qaydalarını pozan kafe aşkarlanıb
Bakı, 15 dekabr, AZƏRTAC
Ağsu rayonunun Növcü kəndinin ərazisində yerləşən kafenin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı kafedə müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektin sahibi, rayonun Xəlilli kənd sakini Fərhad Şıxıyev və orada olan 4 nəfər müştəri polis şöbəsinə dəvət olunub. Şöbədə onların barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.