Ağsuda KOB dostu fəaliyyətə başlayıb
Bakı, 14 fevral, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Ağsu rayonunda sahibkarlarla görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi Ağsuda fəaliyyət göstərən sahibkarların biznesin qurulması və inkişaf etdirilməsi sahəsində ehtiyaclarını öyrənmək, qarşılaşdıqları çətinlikləri dinləmək, dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın dəstək və xidmətləri barədə onları məlumatlandırmaqdır.
Görüş çərçivəsində yeni fəaliyyətə başlayan KOB dostu biznes ictimaiyyətinə təqdim edilib.
Ağsu KOB dostu Dağlıq Şirvan iqtisadi rayonu üzrə fəaliyyət göstərən sayca 3-cü KOB dostudur. Ümumilikdə, KOBİA-nın regionlardakı nümayəndələri olan KOB dostları hazırda ölkənin 39 şəhər və rayonunu əhatə edir.
Sahibkarlarla görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov biznes subyektlərinə yerində dəstəyin təmin olunması baxımından KOB dostu şəbəkəsinin önəmini qeyd edib. Diqqətə çatdırılıb ki, KOB dostları mikro, kiçik və orta sahibkarların biznes təşəbbüslərinin reallaşdırılması, sahibkar maraqlarının müdafiəsi, yeni KOB subyektlərinin yaradılması və inkişafı, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırma, dövlət qurumları ilə əlaqələndirmə kimi istiqamətlərdə fəaliyyət göstərir. Ağsu rayonunun biznesin inkişafı üçün potensialını qeyd edən Orxan Məmmədov bu iqtisadi potensialın reallaşdırılmasında KOB dostlarının dəstəyini vurğulayıb, sahibkarları KOB dostları ilə fəal əməkdaşlığa dəvət edib.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində regionların inkişaf etdiyini və rayonda sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu bildirib. Vurğulanıb ki, Ağsuda fəaliyyətə başlayan KOB dostu sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün faydalı olacaq.
Tədbir çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə videoçarxlar nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Sonra tədbir iştirakçıları Ağsu Gənc Sənətkarlar Mərkəzində yerləşən KOB dostu ofisi ilə tanış olublar. KOB dostu ofisində sahibkarlara xidmətlərin təqdim edilməsi üçün lazımi şərait yaradılıb. Burada “KOB könüllüləri” də fəaliyyət göstərir.
Daha sonra KOBİA rəhbərliyi “Ağsu aqropark”ın fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, əkinçilik və heyvandarlıq üzrə ixtisaslaşmış aqropark 2018-ci ildən fəaliyyət göstərir. Hazırda aqroparkda 200-ə yaxın daimi işçi çalışır. Müəssisənin ərazisində toxumçuluq təsərrüfatı da fəaliyyət göstərir. “Ağsu aqropark”ın məhsulları daxili bazarın tələbatının ödənilməsinə yönəldilir.
Aqroparkla tanışlıq çərçivəsində sahibkarlarla ehtiyaclarına və məhsulların ixrac imkanlarına dair fikir mübadiləsi də aparılıb.