Aİ ölkələri metan emissiyaları qaydalarının enerji təhlükəsizliyinə təsirini müzakirə edəcək
Buxarest, 15 iyul, AZƏRTAC
Rumıniyanın “CaleaEuropeana” nəşri xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv ölkələrin enerji nazirləri metan emissiyalarına dair yeni qaydaların enerji təhlükəsizliyinə mümkün təsirlərini müzakirə edəcəklər. Müzakirələrin keçirilməsi təşəbbüsü bir sıra üzv dövlətlər tərəfindən irəli sürülüb və bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, nəşrin yazdığına görə, bəzi Aİ ölkələri hesab edir ki, 2027-ci ildən qüvvəyə minməsi nəzərdə tutulan yeni tələblər neft və təbii qaz idxalına əlavə çətinliklər yarada, nəticədə enerji təchizatına və qiymətlərə təsir göstərə bilər. Bu səbəbdən qaydaların tətbiq mexanizminin yenidən nəzərdən keçirilməsi təklif olunur.
“CaleaEuropeana” qeyd edir ki, Avropa Komissiyası hələlik metan emissiyalarına dair qəbul olunmuş tənzimləmələrin dəyişdirilməsini planlaşdırmır. Bununla belə, Avrokomissiya üzv dövlətlərlə dialoqu davam etdirir və qaydaların praktik tətbiqinə dair əlavə izahların hazırlanması üzərində işləyir.
Məqalədə vurğulanır ki, enerji təhlükəsizliyi ilə bağlı müzakirələr fonunda Avropa İttifaqı etibarlı tərəfdaşlardan qaz tədarükünün davam etdirilməsinə xüsusi önəm verir. Bu baxımdan Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixrac edən əsas tərəfdaşlardan biri olaraq Aİ-nin enerji mənbələrinin şaxələndirilməsi siyasətində mühüm yer tutur.
Nəşrin qənaətinə görə, qarşıdakı müzakirələr Aİ-nin iqlim hədəfləri ilə enerji təhlükəsizliyi arasında balansın qorunmasına, eyni zamanda, etibarlı tərəfdaşlarla, o cümlədən Azərbaycanla enerji əməkdaşlığının gələcək inkişafına da təsir göstərə bilər.