“Airstream” şirkəti yeni ofis-ev modelini təqdim edib
Bakı, 15 aprel, AZƏRTAC
Məşhur “Airstream” treyler şirkəti ailəvi uzaq yola çıxmaq üçün yeni ofis-ev modelini təqdim edib. Doqquz metrlik gümüş qoşquda ailə üzvlərinin istirahəti və işləməsi üçün zəruri şərait yaradılıb.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, evdəki ofis asanlıqla yataq otağına da çevrilir.
Treylerdə, həmçinin peyk televiziyası və xidməti mobil internet, damda isə antena quraşdırılıb. Ofis sakit bir yaradıcılıq və ya iş prosesini təmin etmək üçün qaranlıq pərdələr və səs-küyü ləğv edən arakəsmələrlə də təchiz olunub.
Səyyar ofisdə mebel dəsti, mikrodalğalı soba, soyuducu, qab-qacaq saxlamaq üçün bir neçə şkaf olan mətbəx, duşu olan vanna otağı və bir tualet də var.
Treyler-ofisin qiyməti 107,5 min dollardır.