Akademik İradə Hüseynova: Əziz Səncərin həyat yolu elmə sədaqətin və zəhmətin nümunəsidir
Bakı, 8 sentyabr, AZƏRTAC
Nobel mükafatı laureatı, professor Əziz Səncərin həyat yolu elmə sədaqətin, zəhmətin və vətənə bağlılığın böyük zirvələrə aparan əsas meyar olduğunu nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikri AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən akademik İradə Hüseynova Əziz Səncərin 80 illik yubileyinə həsr edilmiş elmi konfransda söyləyib.
Akademik qeyd edib ki, molekulyar biologiya və biokimya sahəsində mühüm tədqiqatlar aparan Əziz Səncər dünya elminə böyük töhfələr verib.
İ.Hüseynova Əziz Səncərin həyat yolunu böyük elmi uğurların nümunəsi kimi səciyyələndirib. Bildirib ki, onun 1969-cu ildə İstanbul Universitetində tibb təhsilini başa vurması, daha sonra ABŞ və müəyyən müddət Böyük Britaniyada apardığı tədqiqatlar, 1982-ci ildən Şimali Karolina Universitetində elmi fəaliyyəti və nəhayət, 2015-ci ildə DNT-nin bərpası mexanizmləri ilə bağlı fundamental tədqiqatlarına görə Nobel mükafatına layiq görülməsi bu uzun və zəngin elmi yolun əsas mərhələlərindəndir.
Akademik qeyd edib ki, Əziz Səncər İstanbul Universitetində təhsil seçimi qarşısında qalarkən ilkin olaraq kimya elminə böyük maraq göstərib. Lakin dostlarının təsiri ilə İstanbul Universitetinin Tibb fakültəsində təhsil almağa başlayıb. Tələbəlik illərində DNT-nin ikili spiral modelinin kəşfi Əziz Səncərdə böyük maraq yaradıb və məhz həmin dövrdə biokimya ilə ciddi məşğul olmaq qərarı onun sonrakı elmi fəaliyyətinin istiqamətini müəyyənləşdirib. O, 1969-cu ildə İstanbul Universitetinin Tibb fakültəsini birinciliklə başa vurduqdan sonra fundamental elmlə məşğul olmaq istəyib. Lakin biokimya kafedrasının rəhbərinin məsləhəti ilə əvvəlcə klinik tibb sahəsində təcrübə qazanmaq qərarına gəlib və doğma Savura qayıdıb.
Akademikin sözlərinə görə, Əziz Səncər Savurda evinin bir otağını xəstələrin qəbulu üçün ayıraraq altı ay ərzində insanları pulsuz müalicə edib. Daha sonra Türkiyənin səhiyyə sistemi tərəfindən uzaq kəndlərdən birinə baş həkim təyin olunub. Həmin əraziyə getməsi üçün ona xüsusi avtomobil və sürücü ayrılıb. Bir çox kənd sakini isə ilk dəfə məhz Əziz Səncərin simasında həkim görüb.
İ.Hüseynova qeyd edib ki, Əziz Səncər sonralar həmin dövrü həyatının ən xoşbəxt mərhələlərindən biri kimi xatırlayıb.