Akademik Sahib Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
Bakı, 24 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) təşkilatçılığı ilə Azərbaycanın görkəmli kimyaçı alimi, kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Sahib Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Neft kimyası, polifunksional monomerlər, oliqomerlər və polimerlərin sintezi” mövzusunda konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən NKPİ-nin baş direktoru akademik Vaqif Abbasov görkəmli alimin Azərbaycan kimya elminin inkişafındakı xidmətlərindən, bu sahənin inkişafına verdiyi töhfələrdən söz açıb. NKPİ-nin Monomerlər, oliqomerlər və kataliz şöbəsinin müdiri professor Minavər İbrahimova “Görkəmli alim, nəcib insan akademik Sahib Əliyev” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə çıxış edən akademiklər Abel Məhərrəmov, Vaqif Fərzəliyev və professor Musa Bayramov görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.
Alimin ailəsi adından çıxış edən qardaşı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. “Neft kimyası və neft emali prosesləri” və “Monomerlər, oliqomerlər və polimerlər, kompozit materiallar” bölmələri üzrə plenar, şifahi və stend məruzələri dinlənilib.
Qeyd edək ki, konfransın Təşkilat komitəsinə müxtəlif ali məktəblər və elmi müəssisələrdən ümumilikdə 140 məruzə tezisi daxil olub.