QAN YADDAŞI
Aktauda Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar mərasim keçirilmişdir
Aktau, 1 aprel (AZƏRTAC). Azərbaycanın Aktaudakı Baş konsulluğu Məngistay vilayətindəki “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar mərasim keçirmişdir.
Azərbaycan diasporu üzvlərinin, ictimaiyyətin nümayəndələrinin, jurnalistlərin iştirak etdikləri mərasimin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Mərasim keçirilən salonda ermənilərin azərbaycanlılara qarşı soyqırımını əks etdirən fotosərgi, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Qarabağ həqiqətləri” silsiləsindən kitab və broşürlər, ermənilərin xalqımıza qarşı uzun illər boyu apardığı məkrli siyasətə həsr olunmuş nəşrlər nümayiş etdirilmişdir.
Azərbaycanın Aktau şəhərindəki konsulu Elxan Zeynalov zaman-zaman ermənilərin azərbaycanlılara qarşı aparmış soyqırımı siyasətindən danışmış, sovet dövründə bu cinayətlərin uzun illər gizli saxlandığını, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla bu qanlı hadisələrə siyasi-hüquqi qiymət verildiyini, Azərbaycan Prezidenti İlham Əliyevin soyqırımı hadisələrinin bütün dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər görüldüyünü vurğulamışdır.
Mərasimdə çıxış edən “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Yusif Quliyev, istefada olan mayor Bəxtiyar Məsimov ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətlərin yayılmasında Azərbaycan diasporunun daha fəal iş aparmasının vacibliyindən danışmışlar.
Sonra soyqırımla əlaqədar sənədli film nümayiş etdirilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau