Aktauda Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılmışdır
Aktau, 25 fevral (AZƏRTAC). Azərbaycanın Aktaudakı baş konsulluğu Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirmişdir.
Tədbirdə vilayətin tanınmış ziyalıları, ictimaiyyətin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, digər diaspor təşkilatlarının rəhbərləri, jurnalistlər iştirak etmişlər.
Mərasim iştirakçıları əvvəlcə Xocalı faciəsini əks etdirən fotosərgi və “Qarabağ həqiqətləri” silsiləsindən Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitablarla tanış olmuşlar.
Mərasim Aktauda təhsil alan azərbaycanlı tələbələr tərəfindən “Canlı yaddaşımız” kompozisiyasının nümayişi ilə başlanmışdır.
Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ölkəmizin Aktaudakı baş konsullu Rəşad Məmmədov bir gecənin içində Xocalıda dinc əhaliyə divan tutulduğunu, şəhərin yer üzündən silindiyini qeyd etmişdir. Diplomat Xocalı soyqırımının dünya ölkələrinin parlamentləri tərəfindən tanınması haqqında danışmış, bu qanlı faciəyə siyasi qiymət verilməsinin vacibliyini mərasim iştirakçılarının diqqətinə çatdırmışdır.
R.Məmmədov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər haqqında məlumat vermişdir.
Daha sonra, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən Azərbaycan Tarixi və Mədəniyyətinin Tədqiqi Mərkəzinin rəhbəri, professor Yusif Quliyev çıxış edərək ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri vəhşiliklər haqqında danışmışdır.
Çıxışlardan sonra baş konsulluq tərəfindən yaradılmış xocalı.kz saytının təqdimatı keçirilmişdir.
Tədbirdə, həmçinin Məngistay vilayətinin ali təhsil müəssisələrində təhsil alan tələbələr və Aktau şəhərinin orta məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilmiş “Xocalı soyqırımı - insanlığa qarşı cinayət” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri elan edilmişdir.
Tədbirin sonunda Elşən Mehdiyevin ifasında “Biz Xocalıya ədalət tələb edirik” mahnısı səsləndirilmişdir. Mərasim üzərində müxtəlif dillərdə “Xocalıya ədalət” sözləri yazılmış qara şarların səmaya buraxılması ilə başa çatmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau