DÜNYA
Aleksandar Vuçiç: Kosovo ilə artan gərginliyə görə ciddi qərarlar qəbul edəcəyik
Belqrad, 10 sentyabr, AZƏRTAC
Kosovonun şimalında serblərin çoxluq təşkil etdiyi dörd bələdiyyənin fəaliyyəti dayandırılıb. Bu vəziyyət Serbiya və Kosovo arasında gərginliyi yenidən artırıb.
AZƏRTAC xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Avropa İttifaqının Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak və ABŞ-ın Belqraddakı səfiri Kristofer Hill ilə görüşüb.
Aleksandar Vuçiç ölkəsinin ciddi qərarlar qəbul edəcəyini, qarşıdakı 72 saat ərzində Kosovo məsələsi ilə bağlı mühüm açıqlamalar verəcəyini bildirib. O, Serbiyanın hər zaman dialoqa açıq olduğunu da vurğulayıb.
Qeyd edək ki, son aylarda Kosovoda serblərin yaşadığı bələdiyyələrdə Serbiyaya məxsus bankın altı filialı və “Posta Srbije” milli poçt xidmətinin isə doqquz şöbəsi bağlanıb. Eyni zamanda, Kosovoda nağd ödəniş zamanı yalnız avrodan istifadəyə icazə verilib və serb dinarından istifadə məhdudlaşdırılıb. Bu proseslər Serbiya və Kosovo arasında gərginliyə zəmin yaradıb.
Həm ABŞ, həm də Avropa İttifaqı Kosovonun bu addımlarını pisləyib, tərəfləri dialoq çərçivəsində danışıqlar yolu ilə hərəkət etməyə səsləyib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad