ALEN DELON 70 İLLİYİNİ QEYD EDİR
On illər boyu planetimizdə ən cazibədar və gözəl kişi kimi tanınan Alen Delon 1957-ci ildən başlayaraq, kinoda şöhrət qazanmışdır. O, Lukino Viskonti Və Mikelancelo Antonioni kimi böyük rejissorların filmlərində çəkilmiş, Romi Şnayder və Jan-Pol Belmondo ilə tərəf-müqabil olmuş, “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” və sair filmlərdə unudulmaz obrazlar yaratmışdır.
Qəribə də olsa, Alen Delon elə özünün dünya şöhrətinin qurbanı olmuşdur. O, bütün karyerası ərzində ekranda daha çox məşuq qəhrəman rolunda çıxış etmişdir. Bunun nəticəsi olaraq, illər keçdikcə rol təklifləri axını səngimiş, sonralar isə tamamilə kəsilmişdir.
Alen Delon taleyini dəyişərək, rejissorluq fəaliyyətinə başlamağa cəhd göstərmişdir. O, 1981-ci ildə iki film çəkmiş, lakin uğur qazana bilməmişdir. Bununla yanaşı, şəxsi həyatında da böhranlar başlanmış, xanımından və uşaqlarından ayrılmışdır. Bir neçə il əvvəl aktyorun səhhəti pisləşmiş, ürəyinin xəstə olduğu müəyyənləşmişdir. 2003-cü ildə qan təziyiqinin xeyli aşağı düşməsi səbəbindən xəstəxanaya qoyulmuşdur.
Bütün çətinliklərə baxmayaraq, Delon fəal aktyor karyerasına qayıtmaq arzusundadır. O bildirmişdir ki, uzun fasilədən sonra gələn il qall dastanının qəhrəmanı Asteriksə həsr olunmuş bədii filmdə Yuli Sezar roluna çəkiləcəkdir.