Ali Attestasiya Komissiyasında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş toplantı keçirilib
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi Azərbaycan tarixinin qanlı səhifəsidir” mövzusunda toplantı keçirilib.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə AAK-ın sədri, akademik Arif Mehdiyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli cinayətdən, insanların vəhşicəsinə qətlə yetirilməsindən, Azərbaycan xalqının öz yenilməzliyini, qəhrəmanlığını, Vətənə və torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bir daha bəyan etməsindən danışıb. Akademik A.Mehdiyev o zaman Moskvada yaşayan ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verməsini, faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsini, hərbçilərin dinc əhaliyə divan tutmasına və bütöv bir xalqa qarşı edilmiş tarixi cinayətə qarşı kəskin münasibət bildirməsini xatırladıb.
AAK-ın sədri qeyd edib ki, 20 Yanvar faciəsinin baş verdiyi tarixi dövrlə müqayisədə bu gün Azərbaycan misli görünməmiş inkişaf səviyyəsinə çatıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində respublikamızın siyasi, iqtisadi və hərbi qüdrətinin son dərəcə yüksəlməsi, beynəlxalq aləmdə ölkəmizin mövqelərinin olduqca güclənməsi 20 Yanvar faciəsi kimi tarixi bəlaların bir daha xalqımızın başına açılmamasına tam zəmanət verir.
Toplantıda komissiya sədrinin müavini Vəli Hüseynovun “20 Yanvar - Azərbaycan tarixinin qan yaddaşı və xalqımızın qürur günüdür” mövzusunda geniş məruzəsi dinlənilib. Məruzəçi həmin tarixi faciənin başvermə səbəblərindən, o zaman törədilmiş cinayətlərdən, bu faciənin Azərbaycan tarixində tutduğu yerdən, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsindən, onların ailə üzvlərinə göstərilən dövlət qayğısından danışıb.
AAK-ın şöbə müdirləri Rafail Əhmədli, Tahir Kazımov, Lətifə Ələkbərova çıxış edərək bildiriblər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Vətənin cəsur övladları qanları ilə Azərbaycan tarixinin şərəfli və müqəddəs bir səhifəsini yazıblar. Qeyd olunub ki, haqq, ədalət və müstəqilliyimizin bərpası uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.