Ali Məhkəmənin kollegiya sədri: Məhkəmə-hüquq sistemində elektronlaşma yeni mərhələyə qədəm qoyub
Bakı, 20 fevral, Səbinə Əlizadə, Nailə Həsənova, foto Azər İbrahimov, video Namiq Abdullayev, AZƏRTAC
Azərbaycan Respublikasında məhkəmə-hüquq sahəsində aparılan islahatların əsas istiqamətlərindən biri elektronlaşma və vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasıdır.
AZƏRTAC xəbər verir ki, bunu Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində "Rəqəmsallaşma və süni intellektin tətbiqi imkanları" adlı panel müzakirəsi zamanı bildirib.
O deyib ki, 2040-cı ilədək ölkənin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında, eləcə də dövlətimizin başçısının müəyyən etdiyi strateji hədəflər sırasında məhkəmə sisteminin elektronlaşdırılması və vətəndaşların məhkəmə hüquqlarının təminatının gücləndirilməsi xüsusi yer tutur. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən tədbirlər təxminən 12–15 il əvvəl açıq hökumətin formalaşdırılmasına dair qəbul edilmiş idarəetmə sənədlərində də öz əksini tapıb.
Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri vurğulayıb ki, “Elektron məhkəmə”nin tətbiqi məhkəmə sistemində yeni inkişaf mərhələsinin əsasını qoyub. Onun sözlərinə görə, 2014-cü ildən etibarən qəbul edilən qərarlar və normativ-hüquqi aktlar elektron icraatın hüquqi bazasının formalaşdırılmasına xidmət edib.
Çıxışda qeyd olunub ki, 2018-ci ildən başlayaraq elektron icraat mexanizmləri ilk dəfə sistemli şəkildə tətbiq olunmağa başlanıb və bu proses mərhələli şəkildə genişləndirilib. Həmin dövrdən etibarən elektron icraatın prosessual əsasları formalaşdırılıb və məhkəmə fəaliyyətində praktiki tətbiqə keçirilib.
Bildirilib ki, elektronlaşma məhkəmə icraatının sürətləndirilməsi, işlərə baxılma müddətinin azaldılması və vətəndaşların məhkəməyə müraciət xərclərinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə kommersiya mübahisələri üzrə işlərin operativ həlli iqtisadi münasibətlərin sağlam inkişafı üçün vacib amil kimi dəyərləndirilib.
Kəmalə Abiyeva qeyd edib ki, 2021-ci ildə prosessual qanunvericiliyə edilən dəyişikliklərlə elektron icraatın hüquqi əsasları daha da təkmilləşdirilib. Bu dəyişikliklər məhkəmə sistemində yeni texnologiyaların tətbiqinə, rəqəmsal alətlərdən istifadənin genişləndirilməsinə şərait yaradıb.
Çıxışda vurğulanıb ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində texnoloji yeniliklərin tətbiqi yalnız prosedur sürətini deyil, eyni zamanda, qərarların keyfiyyətini və məhkəmə təcrübəsində vahid yanaşmanı təmin edir.
Sonda bildirilib ki, hazırda görülən tədbirlər nəticəsində elektron məhkəmə sisteminin imkanları genişlənir, qanunvericilik davamlı şəkildə təkmilləşdirilir və xüsusilə kommersiya icraatı sahəsində operativlik və şəffaflıq daha yüksək səviyyəyə çatdırılır.