ALİMLƏR ANTARKTİKA BUZLAĞINDA DÜNYADA ƏN BÖYÜK “TƏLƏ QURURLAR”
Ekspedisiya iştirakçılarından biri, “Tiba” Universitetinin professoru Siqeru İosida bildirmişdir ki, buzlaqda qazılmış şaxtalarda quraşdırılacaq 4 min 800 detektordan ibarət bu qurğunun həcmi 1 kubkilometr, dərinliyi 2500 metr olacaqdır. Tədqiqatçılar qrupuna Belçika, Böyük Britaniya, Almaniya, Niderland, Yeni Zelandiya, ABŞ və İsveç nümayəndələri də daxildirlər.
Hazırda Antarktika buzlağında 1,4-2,5 min metr dərinlikdə 540 detektor quraşdırılmışdır. “Buz kub” adlandırılan qurğunun tikintisini tamamlamaq üçün 125 metrdən bir 80 şaxta qazılacaqdır.
Neytrino Günəşdə və digər kosmik obyektlərdə nüvə sintezinin reaksiyası nəticəsində yaranır və böyük sürətlə Kainatı dəlib keçir. Yaradılmaqda olan qurğu bu hissəciklərin Antarktika buzlağı ilə toqquşması zamanı yaranan son dərəcə zəif alışmaları qeydə almağa imkan verəcəkdir. Neytrinonun öyrənilməsi bir çox sirlərdən, məsələn, Kainatın quruluşu ilə bağlı sirlərdən agah olmağa imkan yaradacaqdır. Adı çəkilən qurğunun inşasını 2010-cu ilədək başa çatdırmaq nəzərdə tutulur. Tikinti xərclərinin 80 faizini (təxminən 255 milyon dollar) ABŞ, qalan hissəsini isə eksperimentin iştirakçısı olan digər 7 ölkə ödəyəcəkdir.
İndiyədək neytrino üçün dünyada ən iri “tələ” Yaponiyanın “Super-Kamiokande” qurğusu sayılırdı. Bu, Honsü adasının mərkəzində baxımsız kömür şaxtasında min metr dərinlikdə yerləşdirilən və 50 min ton xüsusi təmizlənmiş su tutan nəhəng çəndir.