“ALMANİYA-AZƏRBAYCAN MƏDƏNİYYƏTİ DOSTLARI BİRLİYİ” TƏSİS OLUNMUŞDUR
Qurumun təsis toplantısında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq edən Almaniya və Azərbaycan ziyalıları, cəmiyyət və dərnəklərin təmsilçiləri, bu ölkədə yaşayıb-işləyən soydaşlarımız, universitetlərdə təhsil alan tələbələr iştirak etmişlər.
Təsis toplantısına dəvət olunan ölkəmizin Almaniyadakı səfirliyi və Avropa Azərbaycanlıları Konqresinin rəyasət heyəti elm, təhsil və mədəniyyət sahəsində Almaniya-Azərbaycan əməkdaşlığına yardımçı olacaq “Almaniya-Azərbaycan Mədəniyyəti Dostları Birliyi” adlı qurumun təsis olunmasına dəstək vermişlər.
Yığıncaqda qurumun alman və azərbaycanlılardan ibarət beynəlmiləl tərkibli rəyasət heyəti seçilmişdir. İncəsənət xadimi Şteffen Ştörmer sədr, qrafikaçı rəssam İbrahim Əhrari və Rəfiq Azadi sədrin müavinləri, alim-mühəndis Adil Bayramov, heykəltəraş Bernhard Leman, bərpaçı Nəmidə Qayıbova, hüquqşünas Pərviz Yəzdani və musiqiçi Əfşan Pəlahəng rəyasət heyətinin üzvü seçilmişlər.
Rəyasət heyətinin sədri Şteffen Ştörmer və onun müavini İbrahim Əhrari qurumun nizamnaməsini, mədəniyyət sahəsində Almaniya-Azərbaycan əməkdaşlığının gələcək fəaliyyət proqramı layihəsini təqdim etmişlər.
Bildirilmişdir ki, ”Almaniya-Azərbaycan Mədəniyyəti Dostları Birliyi”nin təsis olunmasından məqsəd Almaniya və Azərbaycan mədəni əməkdaşlığının genişlənməsinə, xalqlar və mədəniyyətlərarası dialoqun inkişafına, alman xalqı ilə Azərbaycan xalqı arasında dostluq münasibətlərinin və qarşılıqlı anlaşmanın dinamik inkişafına töhfə verməkdir.
Qeyd edilmişdir ki, mədəniyyətləri dialoqa, zəngin mədəni irsləri təmasa dəvət edən qurum bədii sənətkarlıq, dil öyrədilməsi, rəssamlıq, musiqi, teatr sahəsində əlaqələrin gücləndirilməsinə yardımçı olmaqla, yaradıcı müəlliflərin sənət əsərlərinin hər iki ölkədə sərgisinin təşkili, musiqi kollektivlərinin, konsert briqadalarının ölkələrarası qarşılıqlı mübadiləsi işinə yardımçı olacaq, incəsənət xadimlərini, musiqi ansamblları və kollektivlərini, mədəniyyət institutlarını mənəvi və maddi cəhətdən dəstəkləməklə təşviq edəcəkdir.
Təsis toplantısında qurumun Almaniyada rəsmi qeydiyyatdan keçdiyi və fəaliyyətə başladığı elan edilmişdir. Onun iqamətgahı Berlində yerləşəcəkdir. Ünvan: 10557 Berlin, Lehrter Strasse 46.