Almaniya hökuməti sənayenin rəqabət qabiliyyətinin və innovasiyaların gücləndirilməsini müzakirə edir
Berlin, 25 avqust, AZƏRTAC
Almaniyanın Nazirlər Kabineti Noyharderberq qəsrində keçirilən ikigünlük müşavirədə ölkənin rəqabət qabiliyyətinin və innovasiya imkanlarının gücləndirilməsi məsələlərini müzakirə edir.
AZƏRTAC xəbər verir ki, müşavirənin əsas mövzusu Almaniyanın güclü sənaye ölkəsi kimi mövqeyini qoruması, süni intellekt dövründə dünya liderləri sırasında qalması, bununla da ölkədə rifah və məşğulluğun təmin edilməsidir. Toplantıda sənayenin rəqabət qabiliyyəti, iqtisadi suverenlik və əsas texnologiyalar üçün əlverişli şərtlər müzakirə olunur.
Müşavirəyə sənaye, sənətkarlıq, texnologiya və startap sektorlarının nümayəndələri də dəvət edilib.
Almaniya Kansleri Fridrix Merts bildirib ki, ölkənin güclü sənaye bazası, orta sahibkarlıq sektoru, sənətkarlıq ənənələri və dünya səviyyəli elmi tədqiqat imkanları gələcək iqtisadi artım üçün əsas yaradır.
Toplantıda süni intellekt və digər yeni texnologiyaların təhlükəsizlik və dövlət idarəçiliyində tətbiqi də nümayiş etdirilir. Hökumət, həmçinin hibrid təhdidlər, iqlim dəyişikliklərinin nəticələri və quraqlıq məsələlərini müzakirə edir.
Kansler Fridrix Merts hökumətin məqsədinin Almaniyanı daha güclü, rəqabətqabiliyyətli və gələcəyin çağırışlarına hazır vəziyyətə gətirmək olduğunu vurğulayıb.