ALMANİYA MÜSƏLMANLARININ MƏRKƏZİ ŞURASI PAPANIN ÜZR İSTƏMƏSİNİ TƏLƏB ETMİŞDİR
Almaniya Müsəlmanlarının Mərkəzi Şurasının sədri Əyyub Aksel Köler Roma Papası XVI Benediktin Regensburq açıqlamasında mərhəmət, insanpərvərlik kimi mənəvi dəyərlərlə şöhrətlənmiş islamı və Məhəmməd peyğəmbəri təhqir etməsinə haqq qazandırmadığını bəyan etmiş, pontifikin müsəlmanlardan üzr istəməsini tələb etmişdir. O, təəssüflə bildirmişdir ki, hələ Məhəmməd peyğəmbərlə əlaqədar karikaturaların dərcinə cavab olaraq islam dünyasını bürüyən narazılığın, etirazların və hiddət dalğasının səngimədiyi, buna baxmayaraq, bütün dinlərdən və icmalardan olan xoşməramlı insanların dialoq və qarşılıqlı hörmət ruhunda sıx birləşdiyi dövrdə Papanın təhqiramiz açıqlamaları Almaniya müsəlmanları arasında da vəziyyəti gərginləşdirmişdir.
Almaniyanın hökumət başçısı, federal kansler Angela Merkel isə “Bild” qəzetinə verdiyi müsahibədə müsəlmanların öz dini üçün təhqiramiz saydıqları Papa açıqlamaları ilə əlaqədar məyusluğunu bölüşsə də, pontifikin tərəfini saxlamışdır. Federal kansler Vatikanın verdiyi cavaba tərəfdar çıxaraq vurğulamışdır ki, Müqəddəs Ata, Roma Papası heç vaxt islam dəyərlərini təhqir etməmişdir. O, Regensburq Universitetində çıxışında da xristian və islam dünyası arasında münasibətləri yoluna qoymağa cəhd göstərmiş, dinləri dialoqa dəvət etmişdir.