ALMANİYA PARLAMENTİ ANGELA MERKELİ FEDERAL KANSLER VƏZİFƏSİNƏ TƏSDİQ ETMİŞDİR
Xatırladaq ki, sentyabrda keçirilmiş parlament seçkilərində qələbə qazanan XDİ-XSİ Birliyi və ASDP çoxluqları müxalifət-iqtidar qarşıdurmalarını kənara qoyaraq, “xristian demokratlar və sosial demokratlar koalisiyası”nda birləşmiş və XDİ-nin başçısı Angela Merkelin başçılığı ilə kabinetin təşkili barədə razılığa gəlmişlər.
Prezident Horst Köler AFR Konstitusiyasına uyğun olaraq, noyabrın 21-də “xristian demokratlar və sosial demokratlar koalisiyasının” Angela Merkelin federal kansler vəzifəsini tutması barədə təklifini Bundestaqda səsverməyə təqdim etmişdir.
Noyabrın 22-də Bundestaqda keçirilən səsvermədə parlamentin 612 deputatı iştirak etmişdir. 51 yaşlı Angela Merkelin federal kansler vəzifəsini tutması lehinə 397, əleyhinə 202 səs verilmiş, 12 deputat bitərəf qalmış, 1 səs etibarsız sayılmışdır.
Səsvermənin nəticəsinə uyğun olaraq, Angela Merkel rəsmən AFR kansleri elan olunmuşdur. Bundestaqın üzvləri Almaniyanın ilk qadın kanslerini təbrik etmiş, onun rəhbərliyi altında fəaliyyət göstərəcək yeni hökumətə uğurlar arzulamışlar. Sabiq hökumət başçısı Gerhard Şröder Angela Merkeli birinci təbrik etmişdir.
Sonra parlamentdə federal kanslerin və onun rəhbərliyi altında fəaliyyət göstərəcək kabinet üzvlərinin - nazirlərin andiçmə mərasimi keçirilmişdir. Prezident Horst Köler federal kansler Angela Merkelə və 15 nazirə vəzifəyə təyinat şəhadətnamələrini təqdim etmişdir.
Xatırladaq ki, sabiq federal kansler Gerhard Şröder Bundestaqın noyabrın 22-də keçiriləcək iclasından üç gün öncə ASDP-nin növbəti qurultayında parlament üzvü mandatından imtina edəcəyini və bununla böyük siyasətdən tamamilə uzaqlaşacağını, gələcəkdə hüquqşünas-vəkillik peşəsini davam etdirəcəyini bildirmişdir.