Almaniya: Seçkilərin qalibi hökuməti formalaşdırmaq üçün hansı partiyalarla koalisiya qura bilər?
Berlin, 24 fevral, AZƏRTAC
Almaniyada ötən gün keçirilən federal seçkilərdə Xristian Birlik ittifaqı (CDU/CSU) seçicilərin 28,5 faizinin səsini alaraq qalib gəlsə də, bu, hökuməti Birliyin təkbaşına formalaşdırmasına kifayət etmir.
AZƏRTAC xəbər verir ki, 208 mandat qazanan ittifaqın hökumət qurmaq üçün parlamentdə ən azı 50+1 faiz səsə, yəni, 630 deputatdan ən azı 316-sına ehtiyac var.
İfrat sağçı Almaniya üçün Alternativ partiyası (AfD) seçkilərdə 20,8 faiz səslə ikinci olsa da, digər partiyaların onunla eyni koalisiyada yer almağı rədd etməsi AfD-nin hökumətdə yer alması ehtimalını azaldır. Seçkilərdə 8,8 faizə yaxın səs toplayan Sol Partiya ilə koalisiyanın qurulması ehtimalı da CDU/CSU ilə ideoloji fərqlər səbəbindən azdır.
Mümkün koalisiya variantları arasında 16,4 faiz səs toplayaraq üçüncü olan Sosial Demokrat Partiyası (SPD) və 11,6 faiz səsə sahib olan Yaşıllar Partiyası dayanır. Hazırkı nəticələr əsasında SPD parlamentdə 120, Yaşıllar isə 85 mandata sahib olur. Olaf Şolts koalisiya danışıqlarında iştirak etməyəcəyini açıqlasa da, partiyadakı nüfuzlu siyasətçilərdən olan müdafiə naziri Boris Pistorius müzakirələrdə fəal rol oynamağa hazır olduğunu ifadə edib. Yaşıllar Partiyasının lideri Robert Habek də məsuliyyət götürməyə hazır olduqlarını, lakin ilkin təşəbbüsün CDU/CSU-dan gəlməli olduğunu vurğulayıb.
Bu vəziyyətdə CDU/CSU-nun AfD və Sol Partiya ilə koalisiya qurma ehtimalı az olduğundan hökumət qurmaq üçün SPD və Yaşıllar Partiyası ilə danışıqlar aparması daha real görünür.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin