ALMANİYA VƏ AVSTRİYADA DA QUŞ QRİPİ AŞKAR OLUNMUŞDUR
Analizlərin ilkin nəticələri açıqlanmamış xəbər gəlmişdir ki, Avstriya öz ərazisində ölü qu quşlarında H5N1 virusu aşkar etmişdir.
Məlum olduğu kimi, bu günlərdə Avropanın daha üç ölkəsində - İtaliya, Yunanıstan və Bolqarıstanda da quş qripi aşkara çıxarılmışdır.
Almaniya və Avstriya hökumətləri çox ciddi təşviş içindədirlər.
AFR hökuməti gələn həftədən fermerlərə ev quşlarını bayıra buraxmağı qadağan etmək niyyətindədir. Əvvəlcə bu tədbiri ancaq martdan, köçəri quşların Almaniyaya qayıtdığı vaxtdan həyata keçirmək nəzərdə tutulurdu.
Avstriyalılar ölü qu quşlarının tapıldığı Qrats şəhərinin ətrafındakı qəsəbələrin fermerlərinə toyuq-cücə və yumurta satmağı, ev quşlarını bayıra buraxmağı qadağan etmişlər.
QUŞ QRİPİ AFRİKAYA DA GEDİB ÇIXMIŞDIR
Afrikada H5N1 ştammlı quş qripinin aşkar edildiyi ilk dəfə ötən həftə elan olunmuşdur. Nigeriyanın şimalındakı fermalardan birində ev quşlarının tələf olduğu hallar qeydə alınmışdır. Sonra ölkənin digər iki şimal ştatında da quşların xəstələndiyi bildirilmişdir.
Hazırda Nigeriyada virusoloq, epidemioloq və baytarlardan ibarət səkkiz komissiya monitorinq keçirir. Onlar quşlarla yanaşı, ferma işçilərini də yoxlayırlar. Quş qripini xatırladan əlamətlər hələlik iki uşaqda aşkar edilmişdir. Onların analizləri xaricə göndərilmişdir. İndi problemlərdən biri də nigeriyalıları bu təhlükəli virusa yoluxmuş quşların ətini yeməməyə və satmamağa inandırmaqdan ibarətdir.