İQTİSADİYYAT
Almaniyada Azərbaycan iqtisadiyyatına maraq artıb
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycanın və Almaniyanın iqtisadiyönümlü təşkilatları arasında əməkdaşlıq son illər inkişaf edir. Bunun göstəricisi olaraq, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə sıralarında Almaniyanın 900 min şirkətini birləşdirən Federal Kiçik və Orta Miqyaslı Müəssisələr Cəmiyyəti arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC-a Konfederasiyanın Almaniyadakı nümayəndəliyinin rəhbəri Elnur Hüseynov məlumat verib.
O bildirib ki, sözügedən sənəd bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün çərçivə rolunu oynayır. Sənəd əsasında birgə strategiya hazırlanacaq və gələcək fəaliyyətə dair yol xəritəsi tərtib ediləcək. Belə ki, birgə tədbirlər və nümayəndə heyətlərinin səfərlərini təşkil etməklə konkret addımların atılması nəzərdə tutulur.
Elnur Hüseynov, həmçinin vurğulayıb ki, 2023-cü ildə İqtisadi Təşviq və Xarici Ticarət üzrə Federal Assosiasiya ilə birlikdə Azərbaycana Almaniya iş adamlarından ibarət nümayəndə heyətinin səfəri barədə razılıq da əldə edilib.