ALMANİYADA HİTLERİN SEVİMLİ HEYKƏLTƏRAŞININ SƏRGİSİ AÇILMIŞDIR
Ekspozisiyada Brekerin yaradıcılığının üç dövrünə – nasizmdən əvvəlki, Üçüncü reyx və müharibədən sonrakı dövrlərinə aid 70 heykəli nümayiş etdirilir.
Sərgi çox böyük fikir ayrılıqları doğurmuşdur. Berlin Rəssamlıq Akademiyasının prezidenti Klaus Ştek sərginin keçirilməsinin qəti əleyhinədir. O, “Brekerin təmizə çıxarılması”na etiraz əlaməti olaraq 2007-ci ildə Şverində öz sərgisinin açılmasına razılıq verməmişdir. Şverinin bir qrup rəssamı, qalereyalar sahibi və sənətşünası yerli hakimiyyəti Brekerin sərgisini bağlamağa çağırmışdır.
Lakin Şverinin yerləşdiyi Maklenburq-Qərbi Pomeraniya vilayəti mədəniyyət idarəsinin rəhbərliyi hesab edir ki, bu sərgi “çox zəruridir”. Onları Almaniyanın mədəniyyət naziri Bernd Noyman, Nobel mükafatı laureatı Günter Qrass da dəstəkləmişlər.
Brekerin adı ilə bağlı sonuncu qalmaqal Almaniyada dünya futbol çempionatının açılışı ərəfəsində baş vermişdir. O vaxt bəzi ictimai xadimlər onun faşist diktaturası dövrünün izləri hələ də qalan Berlin stadionundakı heykəlinin götürülməsini, yaxud üstünə pərdə çəkilməsini tələb etmişdilər.
Arno Breker Üçüncü reyxin görkəmli sənətçilərindən biri idi, Adolf Hitler onu özünün sevimli heykəltəraşı adlandırır və monumental əsərlərini yüksək qiymətləndirirdi. Onun məşhur əsərlərindən biri də dostu – rəssam Salvador Dalinin büstüdür.