Almaniyada radio rabitə sistemindəki nasazlıq səbəbindən qatarların hərəkəti dayandırılıb
Bakı, 24 iyun, AZƏRTAC
Rəqəmsal dəmir yolu radio rabitə sistemindəki nasazlıq səbəbindən Almaniyada bütün ölkə boyunca qatarların hərəkəti dayandırılıb.
AZƏRTAC DPA-ya istinadla xəbər verir ki, Almaniya dəmir yolu şirkəti “Deutsche Bahn”ın nümayəndəsinin agentliyə bildirdiyinə görə, radio rabitə sistemindəki nasazlıq ölkə daxilində qatarların hərəkətini müvəqqəti olaraq dayandırıb.
Nümayəndə qeyd edib ki, nasazlığı aradan qaldırmaq üçün bütün mövcud texniki resurslar səfərbər edilib.
“Deutsche Bahn” şirkətinin nümayəndəsi Evelin Palla “Bild” qəzetinə bildirib ki, qatarların sərnişinlərin düşə bilməsi üçün stansiyalara çatmasını təmin etmək üzrə səylər göstərilir. “Bundan sonra səbəbləri hələ tam müəyyən edilməmiş problemi həll etməliyik”, - deyə o qeyd edib.
“Euronews” telekanalının məlumatına görə, demək olar ki, bütün sərnişin qatarlarının dayandırıldığı Bavariya bu insidentdən daha çox zərər çəkib.
Almaniya mediası xəbər verir ki, bəzi qatarlar hazırda stansiyalarda qalır, relslərdə dayandırılanlar isə imkan daxilində yaxınlıqdakı stansiyalara yönləndirilir.
Ölkə daxilində dəmir yolu xidməti dayandırıldığı üçün xeyli sayda sərnişin səyahət çətinlikləri ilə üzləşib.
Almaniya dəmir yolu rəsmiləri sərnişinlərə taksi və hotel vauçerləri təqdim ediblər. Bəzi hallarda, stansiyalarda ilişib qalan sərnişinlərə qatarlarda istirahət fasilələri təklif olunub.
Çərşənbə günü gecə yarısından sonra “Deutsche Bahn” problemin həll olunduğunu və normal xidmətin tədricən bərpa edildiyini bildirib.