DÜNYA
Almaniyada yeni “Rheinmetall” mərmi zavodunun tikintisinə qarşı etirazlar başlayıb
Bakı, 13 fevral, AZƏRTAC
Almaniyada yüzlərlə insan Aşağı Saksoniya federal əyalətində yeni “Rheinmetall” mərmi zavodunun tikintisinə etiraz edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın NTV telekanalı yerli polisə istinadən məlumat yayıb.
Polis idarəsindən nümayişin dinc keçdiyi bildirilib. Aksiyada yüzlərlə insan, o cümlədən fermerlər iştirak ediblər. Onlar 300-ə yaxın traktoru Unterlus kəndinə gedən yollara gətirib və bütün ətraf yolları bağlayıblar.
Südheidedə keçirilən oxşar aksiyada onlarla insan iştirak edib. Etirazçılar “silah və müharibə siyasətinə” etiraz edir və hökuməti “gərginliyi azaldacaq şəkildə hərəkət etməyə” çağırırlar.
Tikinti sahəsində təməlqoyma mərasimində federal kansler Olaf Şolz və Almaniyanın müdafiə naziri Boris Pistorius iştirak etməlidirlər.