Almaniyadakı diasporumuzun fəalları “qondarma erməni soyqırımı”na aid tədbirə etiraz edib
Berlin, 25 fevral, Vüqar Seyidov (AZƏRTAC).
Almaniyadakı diasporumuzun fəalları hər il Xocalı soyqırımını silsilə tədbirlərlə anır və etiraz, məlumatlandırma aksiyaları təşkil edir. 2015-ci ilin erməni işğalçıları və Xocalı qatillərinin “erməni soyqırımının 100 illik” iddiaları ilinə təsadüf etməsi bu etiraz aksiyalarına ehtiyacı daha da artırıb. Alman siyasi qurumları erməni diasporunun arzuladığı səviyyədə “erməni soyqırımının 100 illik” iddialarına yer verməsə də erməni lobbisi çoxsaylı “mədəni” mərasimlər çərçivəsində tədbirlər planı hazırlayıb. Gözlənilən siyasi tədbirlərdən olan anım gecəsi Berlin senatının prezidenti Ralf Vilandın giriş sözü ilə açılan tədbir olacaqdır.
Avropa Azərbaycan Konqresi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və ASN- Azərbaycan Tələbə şəbəkəsi bu tədbirin məhz, 26 Fevral tarixində keçirilməsindən xəbər tutaraq buna qarşı səfərbər olmuşlar. AAK-nın təklifi ilə Berlin senatının prezidentinə etiraz məktubu göndərilərək, Viland Xocalı faciəsi haqqında məlumatlandırılmış, cəmiyyətlər ona ermənilərin təxribat tədbirinə qatılmamağı və çıxış etməməyi tövsiyə ediblər.
Məktubda 23 ildən bəri Xocalının anim mərasiminin Almaniyada və bütün dünyada keçirilməsi diqqətə çatdırılır. Bır sıra beynəlxalq təşkilatlar tərəfindən müharibə cinayəti kimi tanınan Xocalı soyqırımı günü Berlin Senatında erməni icması tərəfindən tədbir keçirilməsi sual doğurur. Məktubda qeyd edilir ki, ermənilərin “qurban” və əsil mənada casus olmaqları eyni gündə nə cür uzlaşa bilər, Berlin Senatı buna necə yol verir? Berlin özündə çoxsaylı mədəniyyətləri birləşdirən bir şəhər kimi bir xalqın matəminə qiymət verərkən, o biri millətin kədərini inkar etməsi demokratik dəyərlərə uyğun olmayan bir haldır. Ermənilərin digər xalqa qarşı bu “hissiyyatsızlığı” yolverilməzdir.
Hər bir cəhdə baxmayaraq Azərbaycan diasporuna Berlin senatı qarşısında nümayiş keçirməyə Berlin polisi tərəfindən icazə verilməmişdir. Buna baxmayaraq, ASN təşəbbüsü ilə həmin axşam “qomndarma soyqırım“ tədbirindən öncə gənclər tərəfindən Xocalı soyqırımı haqqında vərəqələrin paylanması aksiyanı keçiriləcək.
Qeyd edək ki, 26 fevral Azərbaycanın Berlindəki səfirliyi tərəfindən Alman Parlament Cəmiyyətində Xocalı ilə əlaqədar anim mərasimi və konfrans keçiriləcəkdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin