ALTAY HƏSƏNOV: AVROPA GİMNASTİKA İTTİFAQI İLƏ MÜNASİBƏTLƏRİMİZ YENİ SƏVİYYƏYƏ QALXMIŞDIR
Praqada Avropa Gimnastika İttifaqının (UEG) bu günlərdə başa çatmış konqresində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov da iştirak etmişdir. Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, budəfəki konqres Avropa Gimnastika Federasiyasının yaranmasının 25 illiyinə həsr olunmuşdu.
Avropada gimnastikaya marağın getdikcə artdığını vurğulayan, təşkilatın gələcək inkişaf yollarından danışan UEG-in prezidenti Dimitrios Dimitropulosun çıxışından sonra Paris Konservatoriyası orkestrinin müşayiəti ilə İttifaqın yaranmasında xidmətləri olan şəxslərə - UEG-in birinci prezidenti Pyer Şabloya, habelə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) hazırkı başçısı Bruno Qrandiyə xüsusi diplomlar təqdim edilmişdir. Qrandi çıxışında Şablonun xidmətlərini xüsusi vurğulamış, eyni zamanda demişdir ki, UEG-in 25 ili həm də mənim həyatımın 25 ilidir.
Konqresdə A.Həsənov UEG-in prezidentinə xüsusi olaraq yubiley münasibətilə toxunmuş xalça hədiyyə etmişdir. O, UEG-in tribunasından çıxış edərək, iştirakçıları yubiley münasibətilə təbrik etmiş və bildirmişdir ki, Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatı iki təşkilatı daha da yaxınlaşdırmışdır.
A.Həsənov çempionatın təşkilini Azərbaycana etibar etdiyinə və onun keçirilməsini yüksək qiymətləndirdiyinə görə Avropa federasiyasının rəhbərliyinə təşəkkürünü bildirərək demişdir: “Bizim münasibətlərimiz tərəfdaşlıq xarakteri daşıyır və yeni səviyyəyə qalxmışdır”.
Konfransda Avropada gimnastikanın bütün növlərinin 25 il ərzində inkişafına həsr olunmuş film göstərilmişdir.
Forum çərçivəsində UEG-in texniki komitələri başçılarının hesabatları dinlənilmiş, komitələrdə vakansiyalara seçkilər keçirilmişdir. Konqresin nümayəndələri bədii gimnastika üzrə yeniyetmələr arasında Avropa çempionatının keçirilməsi ilə bağlı məsələləri müzakirə etmişlər.