İQTİSADİYYAT
AMB: 2024-cü ildə illik inflyasiyanın 5-5.5 faiz civarında olacağı gözlənilir
Bakı, 28 dekabr, AZƏRTAC
2024-cü ildə Mərkəzi Bankın pul siyasəti qiymət sabitliyinin təmin edilməsinə, proqnozlaşdırılan inflyasiya və inflyasiya gözləntilərinin qəbul edilmiş dəhliz daxilində sabitləşməsinə yönəldiləcək. Pul siyasətinin ötürücülüyünün gücləndirilməsi və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi, bank sektorunda likvidliyin daha effektiv idarə olunması və maliyyə bazarlarının infrastruktur imkanlarının genişləndirilməsi istiqamətlərində islahatlar davam etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
Bildirilir ki, pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı 4±2 faiz intervalında saxlamaqdan ibarət olacaq.
“Əvvəlki illərdə olduğu kimi növbəti ilə də hədəf göstəricisi Dövlət Statistika Komitəsi tərəfindən hesablanan istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaq. Mərkəzi Bankın son proqnozlarına görə davam edən pul siyasəti nəzərə alınmaqla 2024-cü ildə illik inflyasiyanın 5-5.5 faiz civarında olacağı gözlənilir. İnflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonunda formalaşmasını dəstəkləyəcək. Mərkəzi Bank 2024-cü ildə də inflyasiya amillərinin hərtərəfli təhlili əsasında özünün inflyasiya proqnozlarını müntəzəm yeniləyəcək. Ümumi inflyasiya ilə yanaşı baza inflyasiyanın da dinamikası davamlı şəkildə təhlil olunacaq, inflyasiya gözləntilərinin qiymətləndirilməsi işi davam etdiriləcək”, - deyə bəyanatda bildirilir.