AMEA-da yeni dövr: elmi fəaliyyət bal sistemi ilə qiymətləndiriləcək
Bakı, 25 iyun, AZƏRTAC
AMEA Rəyasət Heyətinin genişləndirilmiş iclasında müzakirə edilən ilk məsələ Azərbaycan Respublikası Prezidentinin “Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında” 2026-cı il 30 aprel tarixli Sərəncamının icrası ilə bağlı olub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu əməkdaşlarının 2026-cı ilin birinci yarısında həyata keçirdikləri elmi fəaliyyətin bal sistemi əsasında qiymətləndirilməsinə dair hesabatı olub.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Akademiyanın 80 illik tarixində ilk dəfə olaraq AMEA-nın Rəyasət Heyətinin iclasında elmi müəssisələrdən birinin hesabatı təqdim olunur. Qeyd edib ki, Akademiyada elmi işçilərin fəaliyyətinin qiymətləndirilməsinin yeni metodla, bal sistemi əsasında həyata keçirilməsi nəzərdə tutulur. Akademik İsa Həbibbəyli bu istiqamətdə ilkin müzakirələrin AMEA-nın Rəyasət Heyətində keçirilən müşavirədə və Rəyasət Heyətinin ötən iclasında aparıldığını xatırladaraq, prosesin mərhələli şəkildə inkişaf etdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Bu gün kağız daşıyıcılarını elektron resursların əvəzlədiyini qeyd edən AMEA rəhbəri dünyada və ölkəmizdə gedən tendensiyalara uyğun olaraq, elektronlaşmanın zəruriliyinə toxunub. Diqqətə çatdırıb ki, 2027-ci ildə Akademiyada elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsinə keçid planlaşdırılır və həmin dövrədək elmi işçilər üçün maarifləndirmə işləri həyata keçiriləcək.
Bu gün qeyd olunan elmmetrik qiymətləndirmə metodundan Qazaxıstan, Rusiya, Yunanıstan, Polşada geniş istifadə edildiyini bildirən AMEA prezidenti qeyd edib ki, dünya elminin bu istiqamətə doğru yönəldiyini, kağız vasitəsilə təqdim edilən hesabatların kağız üzərində qaldığını, öz aktuallığını itirdiyini, dünyada kağız hesabatlardan sürətli rəqəmsal hesabata keçildiyini söyləyib.
Sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər, rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli institut əməkdaşlarının elmi fəaliyyətinin 2026-cı ilin birinci yarısına dair yeni bal sistemi əsasında hazırlanmış hesabatını təqdim edib.
Hesabat dinlənildikdən sonra məruzə ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, filologiya elmləri doktoru Hikmət Quliyev, texnika elmləri doktoru Hüseyn Hüseynov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, filologiya elmləri doktorları Yaşar Qasımov, Gülər Abdullabəyova, İslam Qəribli, Asif Rüstəmli, biologiya elmləri doktoru Tubuxanım Qasımzadə və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Daha sonra Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı Türk Dünyası Həftəsi çərçivəsində keçiriləcək tədbirlərə AMEA-nın hazırlığının cari vəziyyəti müzakirə olunub.