AMEA FƏLSƏFƏ VƏ SİYASİ-HÜQUQİ TƏDQİQATLAR İNSTİTUTUNUN 60 İLLİYİ QEYD EDİLMİŞDİR
İnstitutun direktoru, professor Yusif Rüstəmov qeyd etmişdir ki, 60 yaşlı institutun Azərbaycan xalqı və elmi qarşısında böyük xidmətləri vardır. 2002-ci ilədək Fəlsəfə və Hüquq İnstitutu adı ilə fəaliyyət göstərmişdir. Həmin il Fəlsəfə və Hüquq İnstitutu, İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutu, Milli Münasibətlər İnstitutu birləşdirildikdən sonra onların bazasında Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu yaradılmışdır. Vaxtilə 4 şöbədən ibarət institutda indi 14 şöbə və bir qrup fəaliyyət göstərir. İnstitutun təzə ad altında fəaliyyət göstərdiyi üç il ərzində əməkdaşlar elm aləmində yaxşı qiymətləndirilən 120 monoqrafiya, toplu, kitab və kitabçalar, dərs vəsaitləri hazırlamış və çap etdirmişlər. Hazırda institutda “Şərq-Qərb: sivilizasiyaların dialoqu”, “Elmi əsərlər”, “Fəlsəfə” jurnalları çap olunur. Bundan başqa, institut təsisçisi AMEA Rəyasət heyəti, Milli Elm Assosiasiyası və Respublika Elm Fondu olan “Şərq fəlsəfəsi problemləri” adlı elmi jurnal nəşr etdirir. Burada “Fəlsəfə və həyat”, “Sosil-siyasi toplumlar”, “Ekologiya. Fəlsəfə. Mədəniyyət” məcmuələri də nəşr olunur.
Şöbə müdiri Ağayar Şükürov doğma institutun tarixindən, onun bərqərar olub formalaşmasından, tədqiqat işlərinin əhatə dairəsindən, beynəlxalq əlaqələrindən, yetirmələrindən ətraflı bəhs etmişdir. Yeri gəlmişkən, A.Şükürov yubiley ərəfəsində “Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutu” adlı kitab çap etdirmişdir.
Akademik Fuad Qasımzadə, professor Şahlar Əsgərov, institutun şöbə müdiri Əbülhəsən Abbasov, Texniki Universitetin kafedra müdiri, professor Fərrux Ramazanov təbrik sözü söyləmişlər.
Həm Yusif Rüstəmov, həm də digər natiqlər institutun təşkilində, ilkin fəaliyyətinin müəyyənləşdirilib qurulmasında Azərbaycan MEA-nın vitse-prezidenti, ictimai elmlər bölməsinin sədri, Azərbaycan xalqı və elmi qarşısında misilsiz xidmətləri olan akademik Heydər Hüseynovun əvəzsiz rolunu xüsusi vurğulamışlar. Onlar həmçinin müxtəlif illərdə bu instituta rəhbərlik etmiş və ya burada çalışmış görkəmli alimləri ehtiramla yad etmişlər.
Təəssüflə qeyd olunmuşdur ki, indiyədək çoxcildlik “Fəlsəfə tarixi” kitabının yalnız birinci cildi işıq üzü görmüşdür.
Konfrans öz işini “Fəlsəfi elmlər”, “Sosial-siyasi elmlər”, “Hüquq elmləri” bölmələrində davam etdirmişdir.