AMEA Gəncə Bölməsində müxtəlif təyinatlı işlənmiş sürtkü yağlarının bərpası ilə bağlı tədqiqatlar aparılır
Bakı, 25 iyun, AZƏRTAC
Müasir tələblərə uyğun müxtəlif təyinatlı sürtkü yağlarının ekoloji təmizliyinin bərpa edilməsi ilə onların məişət texnologiyasında tətbiqi mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Belə ki, kənd təsərrüfatı sahələrində istifadə edilən müxtəlif növ maşın və mexanizmlərin sürətli inkişafı, eyni zamanda, mürəkkəbliyi artmaqda davam edir. Bununla əlaqədar olaraq sürtkü yağlarına və onların keyfiyyətinə olan tələblər artır, onların istismar müddətinin artırılması aktual məsələyə çevrilir. Müxtəlif təyinatlı, xüsusən motor yağlarının tərkibində istifadə edilən çoxfunksiyalı detergent-dispersedici aşqarların - alkilfenolların formaldehid və bir sıra aminlərlə qarşılıqlı təsiri nəticəsində alınan kondensləşmə məhsullarının kalsium duzları və onların karbonatlaşma birləşmələrinin tədqiqi zərurəti yaranıb. Bu istiqamətdə AMEA Gəncə Bölməsinin Ekologiya və Təbii Ehtiyatlar İnstitutunda “Müxtəlif təyinatlı işlənmiş sürtkü yağlarının yenidən bərpasının tədqiqi” mövzusunda elmi-tədqiqat işi yerinə yetirilir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun Naftalan nefti və səthi aktiv maddələr laboratoriyasında aparılan tədqiqatlar müasir maşın və mexanizmlərdə istismar edilən sürtkü yağlarının regenerasiya üsulları ilə təmizlənməsi və ilkin göstəricilərlə müqayisəli tətbiqini nəzərdə tutur.
Tədqiqat işində müxtəlif biosidlərin fərqli tərkib və quruluşa, funksional xassələrə malik olan sürtkü yağlarına təsiri tədqiq edilərək qanunauyğunluqlar müəyyənləşdirilib və tətbiq üçün tövsiyələr hazırlanıb. Sürtkü yağlarının keyfiyyətini və istismar xassələrini yüksəldən aşqarların tədqiqi yağların uzun müddət saxlanılmasına və bununla da iqtisadi səmərəliyinin artırılmasına səbəb olur.
Qeyd edək ki, bu istiqamətdə aparılan elmi-tədqiqat işi ilə əlaqədar müəlliflər - Gəncə Bölməsinin Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun Naftalan nefti və səthi aktiv maddələr laboratoriyasının əməkdaşları - Həqiqət Cavadova və İlahə Cəfərova tərəfindən “Sürtkü yağlarının mikrobioloji zədələnməsi” adlı monoqrafiya hazırlanıb. Monoqrafiyanın əsas məqsədi neft məhsullarının müxtəlif təsirlərə məruz qalmaqla ilkin göstəricilərinin bakteriyalarına, xüsusən mikrob və göbələklər vasitəsilə dəyişdirilməsinə qarşı aparılan tədbirlərə oxucuların diqqətini cəlb etmək, ictimaiyyəti bu problemin həllinə yönəltmək və onunla mübarizə yollarının iqtisadi, ekoloji və elmi-praktiki əhəmiyyətini göstərməkdir.