AMEA Naxçıvan Bölməsinə qədim kitablar hədiyyə olunub
Naxçıvan, 1 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən AMEA Naxçıvan Bölməsinə qədim kitablar hədiyyə olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bölmənin elmi tədqiqatlarla yanaşı, maddi-mədəniyyət nümunələrinin aşkarlanması ilə də məşğul olduğunu deyib. İsmayıl Hacıyev qeyd edib ki, tapılan bu qiymətli nümunələr profillərinə uyğun olaraq müxtəlif muzeylərə hədiyyə edilir, bəziləri isə bölmədə saxlanılır.
Akademik bildirib ki, bəzi vətəndaşlar qədim əşyaları, kitabları təqdim etməkdə laqeydlik göstərirlər. Bu cür nadir əşyalar, kitab və əlyazmalar elm və mədəniyyət müəssisələrinə təqdim olunmalıdır ki, lazımınca araşdırılıb təbliğ edilsin. Xalqımızın qədim tarixini özündə əks etdirən maddi-mədəniyyət nümunələri bu müəssisələrdə həm lazımi şəkildə qorunur, həm də məxsus olduğu dövr haqqında əlavə məlumatlar verir.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova qeyd edib ki, bu gün Naxçıvanda fəaliyyət göstərən mədəniyyət müəssisələrində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən çox sayda maddi-mədəniyyət nümunələri qorunub saxlanılır. Nazirlik tərəfindən muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işinə ciddi önəm verilir və bu işdə muxtar respublika sakinləri yaxından iştirak edirlər.
Vurğulanıb ki, 2017-ci ilin 9 ayı ərzində muzeylərə minə yaxın yeni eksponat daxil olub. Muzeylərə hədiyyə olunan eksponatların nazirlik tərəfindən təqdimatı keçirilib. Bu tədbirlər bundan sonra da davam etdiriləcək.
Sonra 18 qədim kitabın təqdimatı olub. Bu kitablar içərisində “Təfsir-əl-Quran”, “Elmi-heyvanat”, “Kərbəla faciəsi” və başqa əsərlər də var.
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru Fərman Xəlilov hədiyyə olunan kitablara görə minnətdarlıq edərək deyib ki, tarixi kitablar xalqın milli sərvətidir. Onları qoruyub gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.
Sonra AMEA Naxçıvan Bölməsinə hədiyyə edilən kitablara baxış olub.